Yaponiya və Cənubi Amerika ölkələrinin iqtisadi bloku olan MERCOSUR iqtisadi tərəfdaşlıq sazişi (EPA) üçün danışıqlara başlamaq barədə razılığa gəlib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, razılıq Yaponiyanın Baş naziri Sanae Takaiçinin “Böyük yeddilər” (G7) qrupunun Fransada keçirilən sammiti çərçivəsində Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündə əldə olunub.
Yaponiya avtomobil və ehtiyat hissələri, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsullarının ixracını təxminən 300 milyon əhalisi olan MERCOSUR blokuna genişləndirmək üçün EPA-dan yararlanmaq istəyir.
Bundan başqa, Yaponiya EPA-dan istifadə edərək vacib minerallar, xam neft və digər ehtiyatların maneəsiz təchizatını təmin etməyə ümid edir. Bu cür məhsulların tədarükçülərini şaxələndirmək ölkənin həll etməli olduğu bir məsələdir. Yaponiya hökuməti, həmçinin ABŞ-də artan proteksionizm fonunda əsas EPA danışıqları üzərində proaktiv şəkildə işləməklə azad ticarətin təşviqatçısı kimi çıxış etməyə ümid edir.
Yaponiya mediası yazır ki, EPA danışıqlarının asan olacağı gözlənilmir. Hakim Liberal Demokrat Partiyasındakı və ölkənin kənd təsərrüfatı təşkilatlarındakı bəzi insanlar qlobal kənd təsərrüfatı məhsullarının tədarükçüsü olan Cənubi Amerikadan idxalı genişləndirməklə bağlı narahatlıqlarını bildiriblər. Onlar ucuz ət və şəkər axınının Yaponiya kənd təsərrüfatı sənayesinə ciddi təsir göstərə biləcəyini deyirlər. Bununla belə, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri Suzuki Norikazu hökumətin Yaponiya üçün vacib olan əsas kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarına diqqət yetirməyə davam edəcəyini söyləyib. Əlavə edib ki, hökumət Yaponiya ixracatını yeni bazarlara təşviq etmək üçün səylər göstərəcək.
Qeyd edək ki, MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvaydan ibarət Cənubi Amerikanın iri ticarət blokudur.