Cəbrayılda yeni həyat, yeni ümidlər: Bir ailənin qayıdış hekayəsi – REPORTAJ

İşğaldan azad olunan Cəbrayıl bu gün sürətlə yenidən qurulur. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti işləri nəticəsində şəhərdə müasir yaşayış binaları, məktəblər, inzibati binalar, mühəndis-kommunikasiya infrastrukturu yaradılıb, insanların rahat yaşayışı və fəaliyyəti üçün hərtərəfli şərait formalaşdırılıb. "Böyük Qayıdış" proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma şəhərə qayıdaraq yeni həyata başlayıb. AZƏRTAC-ın bölgə müxbiri bu ailələrdən birinin –Qasımlılar ailəsinin qonağı olub, onların sevinc hisslərini bölüşüb.

Cəbrayıl şəhərində dünyaya göz açan Gündüzlə Gülşənin hər ikisinin taleyinə uşaqlıq illərində məcburi köçkünlük həyatı yazılıb. Doğma yurddan ayrı düşən iki cəbrayıllının yolları illər sonra doğma eldən uzaqda kəsişib, onlar ailə həyatı qurublar. Doğma torpağa qayıdacaqları günə olan inamlarını heç vaxt itirməyən ailə nəhayət, ən böyük arzularına qovuşublar. Bu gün Gündüz və Gülşən Qasımlılar üç övladı ilə birlikdə yenidən doğma Cəbrayılda yaşayır, burada çalışırlar. Vaxtilə uşaq ikən tərk etməyə məcbur olduqları Cəbrayıla artıq ata və ana kimi qayıdan ailə doğma yurdda yeni həyatını davam etdirir.

Ailə başçısı Gündüz Qasımlı 1983-cü ildə Cəbrayıl şəhərində dünyaya göz açıb. Ömrünün 10 ilini doğma elində yaşadıqdan sonra onun da yeniyetmə çağında taleyinə köçkünlük həyatı yazılıb.

Gündüz Qasımlı uşaqlıq illərini belə xatırlayır: "Üçüncü sinfə kimi Cəbrayıl şəhərində oxudum. Tale elə gətirdi ki, 1993-cü ildə ailəmizlə birlikdə doğma yurdumuzdan məcburi köçkün düşdük. Onu da deyim ki, məcburi köçkünlükdən əvvəl, hələ 1991-ci ildə müharibənin acısını qardaşım Çingiz Qasımovu itirməklə yaşamışdım. O, 1991-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. Ondan iki il sonra doğma yurdumuzu da gözüyaşlı tərk etdik. Məcburi köçkünlük zamanı çox çətin günlərimiz oldu. Vaqonlarda, yarım tikililərdə və müxtəlif yerlərdə qaldıq. O illəri xatırlamaq mənim üçün çox çətindir. Çünki uşaqlıq, yeniyetməlik illərimiz ağır keçdi. Buna baxmayaraq, biz sabaha hər zaman ümidlə baxdıq və birlik olaraq, əl-ələ verərək həyatımıza davam etdik.

Orta məktəbi bitirdikdən sonra ali təhsil aldım, ailə həyatı qurdum. Hər ötən gün şəraitimiz yaxşılaşdı, lakin doğma yurd həsrəti ilə yaşayırdıq. Nəhayət, o həsrət bitdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tarix yazaraq torpaqlarımızı azad etdi. İndi doğma Cəbrayılımızdayıq. Bizlər üçün bütün şərait yaradılıb. Böyük övladım ali təhsil alır, 2-ci kurs tələbəsidir. İkinci övladım da məzundur, bu il Cəbrayıl şəhər məktəbini bitirdi. Üçüncü övladım isə məktəblidir. Onların da gələcək arzuları öz fəaliyyətlərini Cəbrayılda davam etdirməkdir”.

Cəbrayıla qayıtmaq Gündüz Qasımlı üçün ikinci dəfə dünyaya gəlməyə bərabər olub. O, ilk dəfə şəhərə gələndə bir yanda olan işğalın dağıntıları ürəyini sızlatsa da, digər tərəfdə yenidən qurulan şəhər qəlbinə sevinc bəxş edib. Şəhərə çatan kimi, ilk növbədə, şəhid qardaşının məzarını ziyarət edib, övladlarına köhnə məktəblərinin və evlərinin yerini göstərərək onlara Cəbrayılın tarixi haqqında danışıb. Ailə onlar üçün inşa edilən binalardakı dördotaqlı, hər bir şəraiti olan mənzilə köçərək orada məskunlaşıb.

Gündüz Qasımlı hazırda Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşıdır. Deyir ki, tarixən kəhrizləri və bulaqları ilə tanınan Cəbrayılda artıq o kəhrizlərin bir çoxu bərpa edilib, yaxın gələcəkdə isə məşhur kəhrizlərin hamısının yenidən bərpa olunması nəzərdə tutulub.

İki ilə yaxındır Cəbrayılda məskunlaşan həmsöhbətimiz qeyd edir ki, digər rayonlardan olan dost-qohumları zəng edib harada olduğunu soruşduqda, Hadrutda, Şuşada və ya Laçında olduğunu, oradan isə Cəbrayıla gedəcəyini bildirməsi hər dəfə ona böyük qürur və sevinc hissi yaşadır.

Gündüz Qasımlı bu Qələbəni xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdar olduqlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhu qarşısında baş əydiklərini və məhz qazilərin sayəsində doğma torpaqlarına qovuşduqlarını bildirir.

Evin xanımı Gülşən Qasımlı da 1985-ci ildə Cəbrayıl şəhərində dünyaya göz açıb. O da uşaqlıq illərində doğma yurdundan didərgin düşüb, amma Cəbrayıla qayıdacağı günə olan inamını heç vaxt itirməyib. Doğma şəhərdə müəllim kimi çalışmaq arzusu illər sonra gerçəyə çevrilib: "İkinci sinfə kimi mən də Cəbrayıl şəhər məktəbində təhsil aldım, amma sonra məlum hadisələrlə bağlı öz yurdumuzdan məcburi köçkün düşdüm. Əvvəlcə Hacıqabulda məskunlaşdıq, sonra isə ailəmizlə birlikdə Bakı şəhərində yaşadıq. Hələ yeniyetmə çağlarımda bir arzum var idi: böyüyəndə müəllim olum və gələcəkdə Cəbrayılda, bir vaxtlar təhsil aldığım məktəbdə çalışım. Çünki inanırdım ki, gün gələcək torpaqlarımız azad olunacaq və biz öz doğma yurdumuza qovuşacağıq. Orta məktəbi bitirdikdən sonra öz arzumun ardınca getdim. Bakı Dövlət Universitetində ali təhsil aldıqdan sonra müəllim kimi peşə fəaliyyətimə başladım. Torpaqlarımız işğaldan azad edildikdən sonra biz də ailəlikcə Cəbrayıla qayıtmağı səbirsizliklə gözləyirdik. Mənim Cəbrayıla öz ailəmlə qayıtmaq, doğma yurda qovuşmaq arzumun gerçəkləşməsi ilə bərabər, həm də bura ilk müəllimlərdən biri kimi qayıtmağım çox qürurvericidir”.

Gülşən Qasımlı hazırda Cəbrayıl şəhər məktəbində fizika müəllimi işləyir. O, burada Cəbrayıl övladlarına təhsil verməyin onun üçün böyük şərəf olduğunu və peşə fəaliyyətinin əvəzolunmaz anlarını yaşadığını bildirir. Müasir standartlara uyğun inşa edilən məktəbdə təlim-tədris üçün bütün lazımi şərait yaradılıb. Deyir ki, əgər bir vaxtlar şagirdlərə işğal haqqında danışırdılarsa, artıq azad edilən Cəbrayılda onlara şanlı Qələbəmizdən bəhs edirlər. Onun sözlərinə görə, gələcəyin rəmzi olan bu yeniyetmə nəslin Vətənə və dövlətə xeyirli övladlar kimi yetişməsində müəllimlərin üzərinə böyük və şərəfli bir vəzifə düşür.

Bu gün Cəbrayıl sadəcə yenidən qurulan şəhər deyil, həm də illərdir yurd həsrəti çəkən insanların reallaşan arzularının ünvanıdır. İllərlə intizarında olduqları Cəbrayıl artıq yenidən canlanır, əsl sahiblərinin nəfəsi ilə dirçəlir. Vaxtilə bu torpaqlardan uşaq ikən didərgin düşən Qasımlılar ailəsi kimi yüzlərlə soydaşımız öz peşə fəaliyyətini indi yenidən doğma yurdunda davam etdirir, onların övladları isə azad Cəbrayılın ilk şagirdləri kimi yeni bir tarixin səhifələrini yazırlar.