TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” motosiklet xidmətini tətbiq edir.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb.
Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu model ilkin mərhələdə pilot layihə kimi Bakı şəhərində tətbiq ediləcək.
Bildirilib ki, zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilmiş “Ambucycle” xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirə bilir.
Məlumata görə, zərurət yarandıqda pasiyentin vəziyyətinə uyğun olaraq tam təchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunması da koordinasiya edilir.
Layihədə iştirak edən feldşerlər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində nəzəri və praktiki təlimlər keçiblər.
TƏBİB qeyd edib ki, bu xidmət modeli İsrail və Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunur və təcili tibbi yardımın hadisə yerinə çatma müddətinin azaldılması, kritik hallarda erkən tibbi müdaxilənin təmin edilməsi baxımından effektivliyini sübut edib.
Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.