Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə bu gün dünya ictimaiyyəti Beynəlxalq Jest Dilləri Gününü qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu gün ilk dəfə 2018-ci ildə qeyd olunub. Beynəlxalq Jest Dilləri Günü dünyada eşitmə və nitq məhdudiyyəti olan insanları, həmçinin ünsiyyət üçün 300-ə yaxın müxtəlif jest dilindən istifadə edən hər kəsi əhatə edir.
BMT-nin saytında bildirilib ki, bu il “Kar insanların hüquqlarının bəyan edilməsi” mövzusu altında keçirilən bu gün milli işarət dillərindən istifadə etməklə tam əlçatanlıq da daxil olmaqla, bu hüquqların tanınmasının, qorunmasının və təşviqinin vacibliyini vurğulayır. Təşkilat bu günün kar insanların hüquqlarının həyatın bütün sahələrində reallığa çevrilməsi üçün fəaliyyətə çağırış edir.
Qeyd edək ki, jest dilləri danışıq dilindən fərqlənən və fikirləri tam əhatə edən təbii dil sayılır. Jest dillərindən istifadə Əlillərin Hüquqları üzrə Konvensiyada tanınır və dəstəklənir. Sənəddə göstərilir ki, onlar danışıq dilləri statusuna malikdir və təşkilata üzv dövlətlər jest dillərinin öyrənilməsinin asanlaşdırılmasına, həmçinin karların icmalarının dil eyniliyinin inkişafına dəstək verməlidirlər.