Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı (YENİLƏNİB)

Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüş sessiyası start götürüb.

Trend-in yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, iiinci sərbəst yürüş saat 16:00-da başlayıb və 17:00-dək davam edəcək.

Sessiya çərçivəsində pilotlar trasın xüsusiyyətlərini daha yaxından öyrənəcək, bolidlərin sazlanmasını yoxlayacaq və yarışın qalan hissəsi üçün hazırlıq aparacaqlar.

Xatırladaq ki, bu gün baş tutan ilk sərbəst yürüşdə "Mercedes" komandasının pilotu Corc Rassel finişə birinci, "Red Bull Racing" pilotu Maks Ferstappen ikinci, "Ferrari" pilotu Şarl Lekler isə üçüncü çatıb.

Azərbaycan Qran-Prisinin əsas yarışı isə sentyabrın 26-da keçiriləcək.

***
13:30

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüş sessiyası başa çatıb.

Trend-in yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, "Mercedes" komandasının pilotu Corc Rassel sessiyanı birinci pillədə başa vurub.

"Red Bull Racing" pilotu Maks Ferstappen ikinci, "Ferrari" pilotu Şarl Lekler isə üçüncü olub.

Beləliklə, Bakı Şəhər Halqasındakı ilk sınaq yürüşünün nəticələrinə əsasən ilk üçlük Rassel, Ferstappen və Leklerdən ibarət olub.

Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə növbəti sərbəst yürüş bu gün saat 16:00-da başlayacaq və 17:00-dək davam edəcək.

***
12:30

 

Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüş sessiyası start götürüb.

Trend-in yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, ilk sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-dək davam edəcək.

Sessiya çərçivəsində pilotlar trasın xüsusiyyətlərini daha yaxından öyrənəcək, bolidlərin sazlanmasını yoxlayacaq və yarışın qalan hissəsi üçün hazırlıq aparacaqlar.

Bu gün Formula 1 proqramında daha bir sərbəst yürüş sessiyası da nəzərdə tutulub. İkinci sərbəst yürüş saat 16:00-da başlayacaq və 17:00-dək davam edəcək.

Azərbaycan Qran-Prisinin əsas yarışı isə sentyabrın 26-da keçiriləcək.

Məlumat üçün bildirək ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il 10-cu dəfə təşkil olunur.

Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı ilə keçirilib, 2017-ci ildən isə mərhələ Azərbaycan Qran-Prisi kimi Formula 1 təqvimində yer alır. Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış keçirilməyib.

Bakı Şəhər Halqasının uzunluğu 6 kilometrdir. Pilotlar əsas yarışda 51 dövrə tamamlayaraq 306 kilometrdən çox məsafə qət edəcəklər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20 döngədən ibarətdir.

Bakı yarışı dar küçələri, uzun düzlükləri və baryerlərin trasa yaxın yerləşməsi ilə seçilir. İçərişəhər divarları boyunca uzanan hissədə yolun eni 7,6 metrədək azalır ki, bu da pilotlar üçün səhv imkanlarını minimuma endirir.

Bakı həmçinin gözlənilməz nəticələri ilə tanınır. İndiyədək Azərbaycan Qran-Prisini iki dəfə qazanan pilotlar arasında Serxio Peres və Maks Ferstappen yer alır. Ferstappen 2022 və 2025-ci illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda finiş xəttini birinci keçib.

Bu dəfə çempionatın lideri Kimi Antonelli Bakı mərhələsinə 81 xallıq üstünlüklə gəlir. Mercedes pilotu mövsümün ilk 14 yarışından səkkizində qalib gəlib və sonuncu mərhələdə – Madriddə də birinci olub.

Azərbaycan Qran-Prisinin builki mərhələsində Formula 2 üzrə də fərqli format tətbiq olunacaq. Bakı bu mövsüm Formula 2-nin yeganə dəstək seriyası olduğu mərhələdir və burada cümə axşamı iki sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü isə ikinci əsas yarış keçiriləcək.