Formula 1 Azərbaycan Qran-Prisi: Sıralama turu başladı

Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turu start götürüb.

Trend-in yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, sessiyanın nəticələrinə əsasən pilotların sabah keçiriləcək əsas yarışa start mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, ötən gün baş tutan ilk sərbəst yürüşdə “Mercedes" komandasının pilotu Corc Rassel finişə birinci, “Red Bull Racing” pilotu Maks Ferstappen ikinci, “Ferrari” pilotu Şarl Lekler isə üçüncü çatıb.

İkinci sərbəst yürüşdə isə Corc Rassel sessiyanı birinci pillədə başa vurub. Onun “Mercedes”dən komanda yoldaşı Kimi Antonelli ikinci, Maks Ferstappen isə üçüncü olub.

Bu gün keçirilən sonuncu - üçüncü sərbst yürüşdə Maks Ferstappen sessiyanı birinci pillədə başa vurub. Corc Rassel ikinci, “Ferrari”nin pilotu Lyuis Hemilton isə üçüncü olub.

Məlumat üçün bildirək ki, Azərbaycan Qran-Prisinin bu ilki mərhələsi Formula 1-in Azərbaycanda 10-cu yarışı kimi tarixə düşür. Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə keçirilib. Həmin vaxt mərhələ Avropa Qran-Prisi adlandırılıb, 2017-ci ildən isə Azərbaycan Qran-Prisi adı ilə Formula 1 təqvimində yer alıb.

Bakı yarışı küçə trasının xüsusiyyətləri və yüksək sürətli hissələri ilə seçilir. 6,003 kilometr uzunluğunda olan tras 20 döngədən ibarətdir. İçərişəhər divarları boyunca uzanan dar hissə və uzun düzlüklər pilotlar üçün həm texniki dəqiqlik, həm də yüksək sürət tələb edir.

 

Sıralama turunda pilotlar üç mərhələdə mübarizə aparacaqlar. Birinci sessiyada ən zəif nəticə göstərən beş pilot mübarizəni dayandıracaq. İkinci sessiyada daha beş pilot mübarizədən kənar qalacaq. Son mərhələdə isə ilk 10 pilot poul mövqeyi uğrunda mübarizə aparacaq.

Bu il çempionatın lideri Kimi Antonelli Azərbaycan Qran-Prisinə ən yaxın izləyicisini 81 xal qabaqlayaraq gəlib. “Mercedes” pilotu mövsümün ilk 14 yarışından səkkizində qələbə qazanıb və sonuncu mərhələdə Madriddə də finiş xəttini birinci keçib.

Bakıdakı sıralama turunda xüsusi diqqət “Ferrari” pilotu Şarl Leklerə də yönələcək. Monakolu pilot 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə Azərbaycan Qran-Prisinin poul mövqeyini qazanıb. O, Bakı mərhələsində ən çox poul qazanan pilotdur. Lakin Lekler bu poul mövqelərinin heç birini qələbəyə çevirə bilməyib.

“Red Bull Racing” pilotu Maks Ferstappen isə 2025-ci ildə Bakıda poul mövqeyini qazanaraq Leklerin seriyasına son qoyub. Ferstappen Azərbaycan Qran-Prisini 2022 və 2025-ci illərdə qazanıb. Bu il qalib gəldiyi halda, Bakı yarışını üç dəfə qazanan ilk pilot olacaq.

Bakı Şəhər Halqasında əvvəlki illərdə sıralama turları da gözlənilməz hadisələrlə yadda qalıb. Ötən il keçirilən sıralama sessiyası qırmızı bayraqlara görə altı dəfə dayandırılıb və Formula 1 tarixində bu baxımdan yeni rekord qeydə alınıb.

Azərbaycan Qran-Prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək. Pilotlar 51 dövrə tamamlayacaq və ümumilikdə 306 kilometrdən çox məsafə qət edəcəklər.