"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan avarçəkənləri növbəti medallarını qazanıblar.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2008-2009-cu il təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığı yarışlarında Qiyas Əhmədov və Tengiz Qaqnidze 1-ci, Sabir Ağayev və Mikayıl Vəliyev 3-cü yeri tutublar.
Eyni yaş kateqoriyasında 500 metr məsafəyə 1 nəfərlik kanoe yarışlarında Hüseyn Səmədli bürünc medala sahib çıxıb.
200 metr məsafəyə 2 nəfərlik kayak qayığı yarışlarında Nizami Kərimov və Maqsud Mantaşev (2010-2011) finişə 3-cü çatıb. 500 metr məsafəyə 1 nəfərlik kayak qayığı yarışlarında isə Mustafa Vəlizadə qızıl medal qazanıb.
Qeyd edək ki, bu gün yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.