Kürdəmirdə zəhərlənmə faktı ilə bağlı “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.
"Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb".
11:30
xxx
Kürdəmir şəhərində kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
xxx
10:27
Kürdəmirdə toy məclisindən sonra qonaqlar xəstəxanaya müraciət edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı məlumata görə, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.