“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Türkiyənin “Fənərbağça” komandasının futbolçusu Meyson Qrinvud Superliqanın qarşıdakı oyunlarında cəzalı duruma düşə bilər.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, buna səbəb ingiltərəli yarımmüdafiəçinin “Turan Tovuz” klubu ilə Bakıda keçirilmiş hazırlıq matçında birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasıdır.

Türkiyə Futbol Federasiyasının (TFF) intizam əsasnaməsinə görə, sınaq matçlarında rəqibə qarşı təcavüzkar davranış səbəbindən qırmızı vərəqə alan oyunçular öz əməlinin xarakterindən asılı olaraq rəsmi yarışlardan da kənarlaşdırıla bilərlər.

“Turan Tovuz”la matçda rəqibin ayağına təpik zərbəsi endirən, nəticədə baş hakim Rəvan Həmzəzadə tərəfindən meydandan qovulan futbolçunun cəzasının yalnız hazırlıq matçları ilə məhdudlaşacağı, yoxsa rəsmi görüşlərə də şamil ediləcəyi qeyri-müəyyən olaraq qalır.

Prosesin gedişatı azərbaycanlı referinin təqdim edəcəyi yekun hesabatdan asılı olacaq. Hakimin hesabatı intizam araşdırmasının gedişatını və futbolçunun cəzasını müəyyənləşdirəcək.