Latviyanın Rezekne şəhərinin sakini Polina Kamlyova Rusiya ordusunun maliyyələşdirilməsi işi üzrə Riqa Şəhər Məhkəməsinin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Delfi” məlumat yayıb.
İttiham tərəfinin versiyasına görə, Kamlyova pilotsuz uçuş aparatlarının fəaliyyətini boğmaq və daha sonra Rusiya hərbçilərinə təhvil vermək üçün nəzərdə tutulan radioelektron mübarizə qurğusunun alınmasına təxminən 43 avro ianə edərək müvafiq bank hesabına köçürüb.
Bundan əlavə, məhkəmə qadına üç il müddətinə probasiya xidmətinin nəzarətini də təyin edib. Cəza müddətinə onun həbsdə keçirdiyi vaxt hesablanıb. Bu səbəbdən onun cəzasını çəkməsinə beş il, bir ay və 25 gün qalıb.
Hökm qanuni qüvvəyə minənədək Kamlyova həbsdə qalacaq. Məhkəmənin qərarından apellyasiya şikayəti verilə bilər.