Azərbaycanın təhsil sistemində milli dəyərlərin, dünyəvilik prinsiplərinin və ictimai nizamın qorunmasına yönəlmiş yanaşmanın ölkənin suveren hüquqları çərçivəsində qiymətləndirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert, jurnalist Kadir Uğur Yılmaz deyib.
Ekspert qeyd edib ki, son günlər Türkiyənin sosial şəbəkələrində və bəzi siyasi dairələrdə Azərbaycanın təhsil siyasəti ilə bağlı müzakirələr aparılır: “Bu məsələyə münasibət bildirərkən ilk növbədə Azərbaycanın müstəqil və suveren dövlət olduğu, öz daxili siyasətini və ictimai qaydalarını müəyyən etmək hüququna malik olduğu nəzərə alınmalıdır”.
Kadir Uğur Yılmaz vurğulayıb ki, Azərbaycanın təhsil sahəsində həyata keçirdiyi siyasəti yalnız dini inanclara münasibət kontekstində dəyərləndirmək düzgün deyil. Bu yanaşma, ilk növbədə, dövlətin konstitusion prinsiplərinin, təhsildə bərabərliyin və ictimai intizamın qorunması baxımından nəzərdən keçirilməlidir.
Ekspertin sözlərinə görə, məktəblərdə vahid geyim standartlarının tətbiqi və təhsil mühitinin dünyəvi xarakterinin qorunması dövlətin təhsil siyasətinin mühüm istiqamətlərindəndir: “Təhsil müəssisələrində ümumi qaydaların müəyyənləşdirilməsi şagirdlər arasında bərabərliyin təmin olunmasına və vahid təhsil mühitinin formalaşdırılmasına xidmət edə bilər”.
O qeyd edib ki, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə yerləşir və regional təhlükəsizlik məsələləri ölkənin dövlət siyasətində mühüm yer tutur. Belə bir şəraitdə təhsil sisteminin ideoloji təsirlərdən qorunması, ictimai sabitliyin və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Türk siyasi ekspert Azərbaycanın daxili siyasəti ilə bağlı qərarların xaricdən müdaxilə və təzyiq cəhdləri olmadan, ölkənin qanunvericiliyi və milli maraqları əsasında müzakirə edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, hər bir müstəqil dövlət öz təhsil sisteminin təşkili, məktəblərdə tətbiq olunan qaydaların müəyyənləşdirilməsi və ictimai nizamın qorunması məsələlərində müvafiq səlahiyyətlərə malikdir.
Kadir Uğur Yılmaz hesab edir ki, hüquqi çərçivədə müəyyənləşdirilmiş qaydalara riayət edilməsi hüquqi dövlət prinsipinin əsas tələblərindəndir. Bununla yanaşı, bu cür qərarların cəmiyyətin xüsusiyyətləri, milli qanunvericilik və dövlətin konstitusion prinsipləri nəzərə alınmaqla qiymətləndirilməsi vacibdir.
Ekspert Azərbaycanla Türkiyə arasındakı münasibətlərə də toxunaraq bildirib ki, iki qardaş ölkə arasında dostluq və strateji tərəfdaşlıq qarşılıqlı hörmətə və suverenliyə əsaslanmalıdır.
Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik prinsiplərinə, qanunvericiliyinə və dünyəvi dövlət modelinə hörmətlə yanaşmaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Hər iki ölkənin milli maraqlarına və müstəqil qərarvermə hüququna qarşılıqlı hörmət göstərilməsi qardaşlıq münasibətlərinin əsas dayaqlarından biri olaraq qalmalıdır.