Türkiyədə sel nəticəsində 5 nəfər ölüb, 3 nəfər itkin düşüb

Türkiyədə İstanbulla yanaşı bir sıra şəhərlərdə baş vermiş sel nəticəsində 5 nəfər həyatını itirib, 3 nəfərin axtarışları davam edir.

"Hurriyet"in məlumatına görə, Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin 45 vilayətini əhatə edəcəyi gözlənilən güclü leysan və fırtına ilə əlaqədar sarı və narıncı səviyyəli xəbərdarlıq yayıb. Aidiyyəti qurumlar yüksək hazırlıq vəziyyətinə gətirilib.

İstanbulda günorta saatlarından etibarən yağıntıların intensivləşəcəyi gözlənilir. Sakinlərə sel, subasma və nəqliyyatın hərəkətində yarana biləcək çətinliklərə qarşı diqqətli və ehtiyatlı olmaq tövsiyə edilib.

Bursa və Kütahya vilayətlərinin yüksək dağlıq ərazilərində isə qar yağacağı proqnozlaşdırılır.

 

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi güclü yağıntıların səbəb ola biləcəyi sel və daşqınlarla bağlı vətəndaşları tədbirli olmağa və rəsmi xəbərdarlıqları nəzərə almağa çağırıb.

Nazir sosial şəbəkə hesabındakı paylaşımında təhlükələrə hazır olmağın və vaxtında qabaqlayıcı tədbirlər görməyin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

“Görülən hər bir tədbir mümkün təhlükənin ağır fəsadlara çevrilməsinin qarşısını ala bilər. İnsan həyatı hər şeydən qiymətlidir. Vətəndaşlarımızdan özlərinin və yaxınlarının həyatını qorumaq üçün ehtiyatı əldən verməməyi, rəsmi xəbərdarlıqlara həssaslıqla yanaşmağı xahiş edirəm”, – nazir bildirib.

Xatırladaq ki, Türkiyədə son günlər leysan yağışları ölkənin əksər ərazilərində sel və daşqınlara yol açıb.