Sergen Yalçın Türkiyə yığmasına baş məşqçi təyin olundu

Bu barədə NTV telekanalı məlumat yayıb.

53 yaşlı mütəxəssis yerli KİV-ə açıqlamasında milli komandaya rəhbərliyin onun üçün böyük şərəf olduğunu bildirib.

“Bu, çox mühüm vəzifədir. Ay-ulduz hər şeydən üstündür. Hər baş məşqçinin gəlmək istədiyi yerdir. Mənim üçün də qürur və xoşbəxtlik mənbəyidir. Hər kəsin dəstəyi ilə uğurlu milli komanda yolu bizi gözləyir. Xalqın yenidən Türkiyə millisinin arxasında dayanmasını təmin edəcəyik”, – Yalçın deyib.

 

O, milli komanda ilə dörd illik müqavilə nəzərdə tutulduğunu və əsas hədəflərin Avropa çempionatı ilə dünya çempionatında iştirak etmək olduğunu vurğulayıb.

“Planımız Avropa və dünya çempionatıdır. Dörd illik müqavilə çox uzun müddət kimi görünməsin. Qarşıda iki turnir var”, – mütəxəssis bildirib.

Qeyd edək ki, son olaraq “Beşiktaş” klubunda çalışan Yalçın ötən mövsümün sonunda komandadan ayrılıb. Futbolçu kimi Türkiyə millisində 37 oyun keçirən baş məşqçinin karyerasında Türkiyə Super Liqasının və Türkiyə Kubokunun qalibi olub.