Hər mövsüm süfrələrimizə özünəməxsus dadlar və sağlamlığımız üçün faydalı qida məhsulları gətirir. Payız isə vitamin və minerallarla zəngin qidaların bolluğu ilə seçilir. Bu mövsümdə yetişən meyvə və tərəvəzlərin gündəlik qidalanmaya daxil edilməsi sağlam və balanslı qidalanmanın təmin olunmasına töhfə verə bilər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, payız süfrələrinin sevilən məhsullarından olan balqabaq beta-karotin və liflə zəngindir. Antioksidantlarla zəngin olan nar payız süfrələrinin ən dəyərli meyvələrindəndir. Alma isə lif mənbəyi kimi gündəlik qidalanmanın vacib hissəsidir.
Payız aylarında kələm və digər mövsümi tərəvəzlər də qida rasionunda xüsusi yer tutur. Müxtəlif vitamin və minerallarla zəngin olan bu məhsullar qidalanmanın çeşidliliyini artırır. Qoz isə faydalı yağlar və minerallarla zəngin olduğu üçün balanslı qidalanmada arzu olunandır.
“Unutmayaq ki, balanslı qidalanma, mövsümi məhsullara üstünlük verilməsi, eləcə də qidaların keyfiyyətinə və təhlükəsizliyinə diqqət yetirilməsi sağlam həyat tərzinin əsas şərtlərindəndir”, - deyə məlumatda vurğulanıb. .