İlin 30-cu tayfunu olan "Çampi" ilə əlaqədar Çinin şərqindəki Şanxay şəhərində, Cıcian və Fucien əyalətlərində 4-cü səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.
AZƏRTAC xəbər verir ki, "Çampi" tayfununun oktyabrın 23-dən 26-dək sözügedən bölgələrdə güclü yağışlara səbəb olacağı gözlənilir. Tayfunun hazırda Sakit okean üzərində saatda 15-20 kilometr sürətlə şimal-qərb istiqamətində, Tayvan adasının şimal-şərq sahillərinə doğru hərəkət etdiyi bildirilir.
Çin Milli Meteorologiya Mərkəzinin proqnozuna əsasən, "Çampi" oktyabrın 23-də gecə saatlarında Şərqi Çin dənizinin cənub hissəsinə daxil olacaq, sonra şimala doğru istiqamət alacaq. Oktyabrın 24-də isə tayfunun Cıcian əyalətinin şərq sahilləri yaxınlığında şimal-şərqə doğru dönəcəyi gözlənilir. Bununla belə, tayfunun Tayvan adasının şimal-şərq sahillərindən yan keçmə ehtimalı da istisna edilmir.
Çinin Daşqınlara nəzarət və quraqlıqla mübarizə qərargahı, eləcə də Fövqəladə Hallar Nazirliyi hazırlıq işlərinə dəstək və təlimat məqsədilə bölgələrə işçi qrupları göndərib. Bütün müvafiq qurumlara qasırğa ilə əlaqədar vəziyyəti yaxından izləmək, proqnozlardan və erkən xəbərdarlıqlardan istifadə edərək, fəaliyyətlərini istiqamətləndirmək, koordinasiyanı gücləndirməyə, qabaqlayıcı və cavab tədbirlərini müəyyən edilmiş planlara uyğun həyata keçirmək tövsiyə olunub.
Balıqçı gəmilərinin limana qayıtmasını təmin etmək və dənizdə akvakultura işçilərinin təxliyəsi üçün bildiriş yayımlanıb.