İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

İsrailin cənubunda, Misirlə sərhəd yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Eylat şəhərində hiss olunub və Ramon Beynəlxalq Hava Limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.

AZƏRTAC TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə İsrail Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Misirin Sinay yarımadasında, Taba bölgəsində, təxminən 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra hava limanında sərnişinlər və əməkdaşlar təxliyə edilib, uçuşlar müvəqqəti dayandırılıb. Mühəndislər və təhlükəsizlik əməkdaşları hava limanının infrastrukturu və obyektlərində yoxlamalara başlayıblar.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb. Yoxlamalar başa çatdıqdan və hava limanının təhlükəsizliyi təsdiqləndikdən sonra uçuşların bərpası gözlənilir.