Politoloq: Döyüş cəbhəsində olduğu kimi, siyasi müstəvidə də düşmənlərimizə aman verməyəcəyik

Ermənilər üzərində qələbəmizin, 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azadlığa qovuşmasının növbəti - dördüncü ildönümünə yaxınlaşırıq. Bəzən bizə elə gəlir ki, bu 4-cü deyil, 40-cı, 100-cü ildönümüdür. Onilliklər keçəcək və bizdən sonra gələn nəsillər həqiqətən ermənilər üzərində bu qələbəmizlə yanaşı ondan sonra gələn qələbələrimizin məhz 40, 100 illiklərini qeyd edəcəklər. Amma bununla yanaşı, torpaqlarımızın işğal altında qaldığı müddətdə ermənilərin bizim başımıza gətirdikləri fəlakətləri heç zaman unutmaycağıq. Qələbəmizin davamlı və daimi olması naminə, bizdən sonra gələn nəsillərin bir daha bizim yaşadıqlarımızı yaşamaması naminə biz heç nəyi unutmayacağıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov söyləyib.

Politoloq bildirib ki, bu gün - Qələbəmizin növbəti ildönümü ərəfəsində yenə də bizi düşündürən və cavabları artıq bizə məlum olan suallarla qarşı-qarşıdayıq. Bu üzücü və fəlakətlə dolu olan müharibədən qaçmaq olardımı? Necə etmək lazımdır ki, bundan sonra bir daha belə faciəli vəziyyətə düşməyək?

“Əlbəttə, birinci sualın cavabını Azərbaycan Respublikası Prezidenti öz çıxış və müraciətlərində, müsahibələrində dəfələrlə səsləndirib. İlk növbədə, Ermənistanın arxasında dayanan qüvvələr onu Azərbaycan torpaqlarında özlərini rahat saymaları üçün həvəsləndirməsəydilər, gec-tez Azərbaycan torpaqlarından çıxacaqlarına inandırsaydılar belə olmayacaqdı. Onlar Azərbaycanın torpaqlarının işğalı ilə barışacağına böyük ümid bəsləyirdilər və bu ümid onların sonunu gətirdi. Faciələrdən qaçmaq olardı, əgər Paşinyan Azərbaycanın incisi olan Şuşada yallı gedib “Qarabağ Azərbaycandır, nöqtə! “ əvəzinə “Gün gələcək Azərbaycan əsgəri öz qanı bahasına Qarabağı azad edəcək, nöqtə! - desəydi.

Bəli, biz 30 ildən artıq müddət ərzində qələbəyə olan ümidimizi itirmədik və bugünkü tarixi anları səbirsizliklə gözlədik. Burada gözləmək sözü bəlkə də yerinə düşmür. Biz sadəcə gözləmədik. Biz mübarizə apardıq. Biz vuruşduq. Ordumuzu möhkəmləndirmək yolunda, yeni nəsil vətənpərvər gənclər yetirmək üçün, iqtisadiyyatımızı gücləndirmək sahəsində. Əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında”, - deyə dosent Əlimusa İbrahimov qeyd edib.

BDU-nun dosenti diqqətə çatdırıb ki, erməni qaniçənlərlə cəbhədə döyüşümüz bitsə də, mübarizəmiz danışıqlar masası arxasında, siyasi səhnədə davam edir: “Bu döyüş 44 günlük döyüşdən daha çətindir, yorucudur. Çünki 44 günlük döyüşdə qələbənin hər keçən gün yaxınlaşdığını hiss edirdik, buna can atırdıq. Eyni zamanda, qarşımızda olan bir düşməni məhv etməyə çalışırdıq. İndi isə siyasi mübarizənin bitəcəyi ehtimal olunan bir tarix görünmür. Qarşımızdakı isə təkcə bir düşmən deyil, düşmənlər sürüsüdür və onlar hər tərəfdən Azərbaycana hücum edirlər. Amma döyüş cəbhəsində olduğu kimi, biz burada da düşmənlərimizə aman vermək fikrində deyilik və verməyəcəyik”.

Politoloq qeyd edib ki, bu gün narahat doğuran növbəti məsələ Cənubi Qafqazda yeni müharibələrin baş verəcəyi ehtimalıdır.

“Bu müharibələrdən qaçmaq olarmı? Əlbəttə ki, olar. Əgər Ermənistan əvvəlki faciələrindən nəticə çıxarsa, əgər Ermənistanın arxasında duran qüvvələr onun tamamilə xəritədən silinməsini qarşılarına məqsəd qoymayıblarsa, bu müharibələr olmaya bilər.

Bu barədə Azərbaycan Respublikası Prezidenti yenə son müraciətinin birində üzünü erməni havadarlarına tutaraq bildirdi ki, bu gün Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin səbəbkarı olanlar, onların gələcək taleyinə biganə qalmamalı, onun silahlandırılması planlarından əl çəkməlidirlər”, - deyə politoloq fikrini yekunlaşdırıb.