Bu gün Füzuli rayonunun işğaldan azad olunmasının dördüncü ildönümünü qeyd edirik. İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində mühüm döyüşlərdən biri olan Füzuli əməliyyatı strateji əhəmiyyət kəsb edirdi. Təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ordumuza üstünlüklər qazandırdı. Oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılan o xoş xəbərin yaratdığı böyük sevinci, coşqunu heç vaxt unutmaq olmaz. Minlərlə hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub ki, bu da həyata keçirilmiş əməliyyatın mürəkkəbliyindən və uğurlu nəticəsindən xəbər verir. Prezidentin Sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur. Çox müsbət haldır ki, artıq təhsil ocaqlarında şagirdlərə rayonlarımızın işğal günləri deyil, azad edildiyi günlər öyrədilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. O xatırladıb ki, 1993-cü il avqustun 23-də ermənilərin Füzulini işğal etməsi cəmiyyətə böyük sarsıntı yaşatmışdı: “Füzulidən olan məcburi köçkünlər ağır vəziyyətdə digər rayonlarımıza yerləşdirilmişdi. Vətəndaşlarımız onları öz evlərində məskunlaşdırdılar. Sonra dövlət onlar üçün sığınacaqlar saldı, şəhərciklər tikdi. Otuz il ərzində düşmən Füzulidə keçilməz istehkam qurmuşdu. 44 günlük Vətən müharibəsində ən ağır döyüşlər Füzulidə oldu, ən çox itkilərimiz - şəhid və yaralılarımız da məhz bu istiqamətdə oldu. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və şücaəti sayəsində qısa müddətdə Füzuli rayonu işğaldan azad olundu. Füzuli azad edilən günə qədər ermənilər itirdikləri ərazilərimizə yenidən hakim olacaqlarına ümidli idilər. Onlar bir neçə dəfə əks-hücuma cəhd etmişdilər. Amma oktyabrın 17-də Füzuli şəhəri ordumuz tərəfindən tam azad ediləndən sonra düşmənlərimiz artıq məğlub olduqlarını anladılar”.
Mehriban Vəliyeva bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi, Füzuli rayonunda da bərpa və quruculuq işləri sürətlə davam etdirilir: “Cəmi 8 ayda inşa olunmuş “Qarabağın hava qapısı” olan Füzuli Beynəlxalq Hava Limanı quruculuq işlərinin miqyasından xəbər verir. Azərbaycan və Özbəkistan, eləcə də Qazaxıstan dövlətləri arasında dostluq rəmzi olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də dost və qardaş dövlətlərin başçılarının təşəbbüsü ilə inşa olunub. Bu da dövlətlərimiz və xalqlarımız arasındakı tarixi dostluğun, qardaşlığın nümunəsidir”.
Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərinə diqqət çəkən deputat Mehriban Vəliyeva deyib: “Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri, müxtəlif tikililərin açılışı olub.
2020-ci il noyabrın 16-da Prezident tərəfindən Füzuli şəhərində Azərbaycan Bayrağının ucaldılması tarixi gün oldu. Dövlətimizin başçısının göstərişi ilə Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilməsi, Füzuli şəhərinin Baş planın təsdiqlənməsi, Aşağı Köndələnçay Su anbarının tikilməsi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyulması və bu kimi digər işlərin həyata keçirilməsi nəticəsində bu gün Füzulidə həyat yenidən canlanır”.
Deputat bildirib ki, Füzuli rayonuna qısa zamanda qayıdış başlayıb, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdışın sevincini yaşamaqdadırlar: “Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək. Ermənistan Qarabağda, Şərqi-Zəngəzurda törətdiyi cinayətlərin cavabını verməlidir”.