Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu işə başlayıb.
"Report" xəbər verir ki, tədbir ADA Universitetində keçirilir.
Forumda müxtəlif ölkələrdən süni intellekt nəzəriyyəsi, innovativ metodların hazırlanması və tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elminin tətbiqi ilə məşğul olan aparıcı alimlər bir araya gəlib.
Forumun açılışında çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, rəhbərlik etdiyi universitet əvvəlcə diplomatik akademiya kimi fəaliyyət göstərib, lakin İT texnologiyalarının əhəmiyyətinin artması ilə əlaqədar İT məktəbi və mühəndislik məktəbinin diplomatik akademiya ilə birləşdirilməsi qərara alınıb.
“O vaxtdan biz universitetə çevrilmişik və bizim üçün böyük önəm kəsb edən informasiya texnologiyaları, informatika və kompüter mühəndisliyi məsələlərinə böyük diqqət ayırırıq”, - o bildirib.
F.İsmayılzadənin sözlərinə görə, forumda İsrail, Portuqaliya, Cənubi Koreya, ABŞ, Rusiya və digər ölkələrdən nümayəndələr iştirak edir.
Forumun açılışında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov da çıxış edib.