Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 21-də BMT Baş katibinin müavini və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə T.Molcean UNECE-nin və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən "Pekin+30" Regional Baxış Görüşündə Azərbaycan nümayəndə heyətinin iştirakından məmnunluğunu bildirərək, bunun fəal əməkdaşlığın göstəricisi olduğunu qeyd edib.
Ötən il SPECA-nın Zirvə görüşü ilə əlaqədar ölkəmizə səfər etdiyini və bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da iştirak edəcəyini vurğulayan T.Molcean Azərbaycanın gender bərabərliyinə nail olunması, o cümlədən "Pekin+30" öhdəliyi üzrə mühüm uğurlar qazandığını, vacib islahatlar həyata keçirdiyini bildirib. O, qarşıdakı dövrdə əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi və əlaqələrin daha da dərinləşdirilməsi üçün təcrübə mübadiləsinin vacib rol oynadığını vurğulayıb, bu baxımdan belə görüşlərin önəmini qeyd edib.
Dünyada gender bərabərliyinin, insan hüquqlarının yalnız təhlükəsizlik və sülh şəraitində mümkün olduğunu vurğulayan B.Muradova Azərbaycanın Ermənistanın işğalına məruz qaldığı otuz il ərzində yüz minlərlə vətəndaşımızın, o cümlədən qadınların hüquqlarının pozulduğunu qeyd edib. Təəssüf hissi ilə bildirilib ki, hazırda dünyada artan gərginliklər, müharibə və münaqişələr fonunda insan hüquqları, o cümlədən gender bərabərliyi ciddi təhdidlə üzləşib, milyonlarla insan ağır çətinliklər qarşısında qalıb. Hədəflərə çatmaq üçün bu təhdidlərə qarşı konkret mövqenin ortaya qoyulmasının önəmini vurğulayan B.Muradova bildirib ki, hazırda dünyada davam edən münaqişələrin qarşısının alınması üçün BMT fəal tənzimləyici rol oynamalıdır.
Komitə sədri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, mina hadisələri nəticəsində hələ də mülki insanlar həlak olur və ya yaralanırlar. Bir neçə onilliklər ərzində davam edəcəyi ehtimal olunan minatəmizləmə əməliyyatlarını Azərbaycan heç bir yardım almadan təkbaşına həyata keçirir.
Azərbaycanın CEDAW tövsiyələri, eləcə də Pekin Bəyannaməsinin 12 kritik sahəsi üzrə mühüm uğurlar qazandığını və yaxşı təcrübələrinin olduğunu deyən nümayəndə heyətinin rəhbəri işğaldan azad olunan ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd"lərin yaradıldığını xatırladıb. Qeyd edib ki, insanların qabaqcıl biliklərə yiyələnməsini tələb edən Azərbaycan bu sahədə BMT-nin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edə bilər.
BMT Baş katibinin müavini münaqişələrin insanlara, xüsusən qadınların həyatına daha çox təsir göstərdiyini deyərək, hazırda yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində fəal iş aparıldığını, Azərbaycan ilə təcrübə mübadiləsinin bu baxımdan maraqlı olduğunu ifadə edib.
Münaqişələrin qarşısının alınmasında qadınların təşəbbüslərinin rolunu xüsusi qeyd edən T.Molcean Pekin Platformasının da imkanlarından istifadə edilərək ticarət və standartlar sahəsinə gender bərabərliyi elementinin daxil olunması, rəqəmsallaşma, "ağıllı" istifadəçilər üçün təlimlərin təşkili, tədqiqatlar, innovasiyalar sahələrində müvafiq qanunvericilik təşəbbüslərində, qərar və qanunların hazırlanması prosesində qadınların fəal iştirakı, dayanıqlı inkişafın mühüm elementlərindən olan təhsil sahəsində yeni təşəbbüslər və əməkdaşlıq sahələrinin hazırlanması istiqamətində görülən işlərdən danışıb.
Dayanıqlı inkişafın əsas elementləri olan ətraf mühit, iqtisadiyyat və sosial sahələrdə görülən işlərdə Azərbaycanın da iştirakının önəmini qeyd edən BMT Baş katibinin müavini ölkəmizin qazandığı uğurlardan məmnunluğunu ifadə edib, bir sıra öhdəliklərin icrasında qlobal və regional səviyyədə dəstək verməyə hazır olduqlarını vurğulayıb. O, həmçinin UNECE-nin Azərbaycanda keçmiş məcburi köçkünlərə müvafiq sahələrdə dəstək göstərməyə hazır olduğunu da diqqətə çatdırıb.
Əməkdaşlığın genişləndirilməsinə dair təkliflərə görə minnətdarlığını bildirən B.Muradova Azərbaycanın BMT-nin bütün qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
Görüşün sonunda T.Molceana azərbaycanlı qadınların əl işlərindən ibarət xatirə hədiyyələri təqdim olunub.