Avropa Parlamenti Azərbaycana qarşı diplomatik səlib yürüşü aparır ŞƏRH

Avropanı bürüyən islamofobiya, ifrat sağçılıq, türkofobiya getdikcə daha dözülməz hal almaqdadır. Avropadakı siyasi güclər təkcə Qərbdə yaşayan müsəlmanlara, türklərə qarşı deyil, eyni zamanda, müsəlman və türk dövlətlərinə qarşı cəbhə açıblar. Avropada Azərbaycana qarşı aparılan diplomatik hədələr qətiyyən insan haqları ilə bağlı deyil. Avropa Parlamentində bəzi deputatların mütəmadi olaraq Qarabağ məsələsini gündəmə gətirməkdə məqsədi Azərbaycanın regionda sabitlik yaratmaq cəhdlərinə mane olmaqdır. Fikir verin, Avropa Parlamenti minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin məsələsini böyük həvəslə müzakirə edir, amma Fransa və Niderlandın müstəmləkələri olan Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası, Korsika, Mayot, Boner, Sen-Martin, eləcə də Qayana kimi yerlərdə yaşayan insanlara edilən haqsızlıqları gözardı edir. Yeni Kaledoniyada azadlıq tələb edənlərə qarşı həyata keçirilən repressiya Fransanın müstəmləkəçilik xislətindən xəbər verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

O bildirib ki, Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsinə sədr müavini təyin edilən fransalı Natali Luazo, Avropa komissarı Nikolas Şmidt və digərləri Azərbaycana qarşı aparılan çirkin kampaniyanın önündə gedirlər: “Avropa Parlamentinin deputatları hesab edirlər ki, Avropa İttifaqı ilə Azərbaycan arasında istənilən razılaşma insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır. Onlar, həmçinin bu şərtlər təmin olunana qədər Avropa İttifaqının Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırış ediblər. Əlbəttə ki, bu, çox qərəzli və təhlükəli çağırışdır. Avropa İttifaqının iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmidt Azərbaycana qarşı eyni havanı səsləndirib. Nikolas Şmidt doğulduğu Lüksemburqda İnsan Hüquqlarına dair Avropa Konvensiyasının tələblərinin pozulmasını nədənsə görmür. Lüksemburq bu günə qədər hərbi cinayətlər əleyhinə, uşaq hüquqlarına, miqrantlara dair və sair bir sıra konvensiyalara qoşulmayıb. Avropa İttifaqının əsas insan hüquqları üzrə Agentliyi 2023-cü ildə İttifaqın 13 ölkəsində 6 min 700 respondent arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, Lüksemburq irqi diskriminasiya hallarının çox yüksək olduğu ölkələr sırasındadır. Avropa İttifaqı strukturlarının yerləşdiyi Belçikada insan hüquqlarının vəziyyəti yaxşı deyil. Bunu Sərhədsiz Reportyorlar Təşkilatının hesabatı da göstərir. Azərbaycana qarşı qarayaxma kampaniyasının müəlliflərindən olan Fransaya gəlincə, 2022-ci ildə ölkədə etnik, irqi və dini zəmində 12,6 min hüquqpozma olub. Bunun yarısı - 6,6 mini cinayət xarakterlidir və bu göstərici də əvvəlki ilə nisbətdə 5 faiz artıb. Fransanın Milli Polis Baş Müfəttişliyinin və Milli Jandarmeriyanın özlərinin rəsmi etirafına görə, polis orqanlarında zorakı rəftar nəticəsində, 2019-cu ildə 27, 2020-ci ildə 32, 2021-ci ildə 32, 2022-ci ildə 37 nəfər şəxs ölüb. Bu siyahını daha da uzatmaq mümkündür. Avropa ölkələrində insan haqları sahəsində kök salmış problemlər, islamofobiya və neokolonial siyasət özünün acı bəhrəsini verməkdədir”.

R.Alıyev qeyd edib ki, Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun sədrin birinci müavini təyin edilməsindən dərhal sonra ölkəmizə qarşı diplomatik müharibə güclənib. Onlar faktiki olaraq türk, İslam ölkələrinə qarşı səlib yürüşü aparırlar. Qərb dövlətləri Şərqdə bu günə qədər hansı ölkəni böhrandan xilas edib, yaxşı günə çıxarıb? Onların dəstəklədikləri, “düzəltmək istədikləri” Ukrayna, Yaxın Şərq, Əfqanıstan, Gürcüstan, Moldova, Ermənistan və digər ölkələrin bu gün düşdüyü vəziyyətləri yaxşı bilirik. Sözəbaxan bu ölkələr hazırda cibə baxırlar. Nə yaxşı ki, Azərbaycanın uzaqgörən siyasi lideri var və ölkəmizin Qərb təşkilatlarından, dövlətlərindən asılı vəziyyətə düşməsinə imkan vermədi. COP29 iqlim konfransı ərəfəsində Azərbaycan əleyhinə Qərb ölkələrində və təşkilatlarında çirkin kampaniyanın aparılması çox iyrənc görünür. COP29-un ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu göz qarşısındadır. Çox maraqlıdır ki, Avropa siyasətçiləri Ermənistanla tezliklə sülh imzalanmasını tələb etməklə Nikol Paşinyanın mövqeyini təkrarlayırlar, ona dəstək olurlar. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə qiymət verməyən Avropa təşkilatlarının bu gün insan haqlarından danışmağa haqqı yoxdur.