Orban BRICS-in Kazan sammitini Şərq dünyasının Zirvə görüşü adlandırıb

Macarıstanın Baş naziri Viktor Orban BRICS-in Kazanda keçirilən sammitini Şərq dünyasının güclü iqtisadiyyata malik ölkələrinin sammiti adlandırıb.

AZƏRTAC xəbər verir ki, Orban bu fikri “Kossuth” radiosunun efirində səsləndirib.

“İndi Kazanda Şərq dünyasının böyük sammiti keçirilir, orada Qərb liderləri deyil, çox güclü iqtisadiyyata malik BRICS ölkələrinin liderləri toplaşıb. Bu, Şərq dünyasının sammitidir”, - deyə Viktor Orban vurğulayıb.

Onun sözlərinə görə, Asiya onilliklər boyu dünyanın müəyyənedici mərkəzinə çevriləcək. BRICS və ŞƏT birlikləri formalaşmaqda olan yeni dünya nizamının əsasını qoyur.

BRICS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Hazırda onun tərkibinə Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ilə yanaşı Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da daxildir.