Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi Azərbaycanın suverenliyinə və daxili məsələlərinə yönəlik ciddi bir hücumdur.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin komitə sədri professor Hicran Hüseynova söyləyib.
Deputat qeyd edib ki, Azərbaycana qarşı sürülən bu haqsız ittihamlar müqabilində Avropanın hansı dəyərlərə söykəndiyini sual etməyə bilmərik. Sənədin mətnində ölkəmizin 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalması, şəhər və kəndlərimizin talan edilməsi, mədəni və dini irsimizin məhv edilməsi kimi məsələlərin nəzərə alınmaması, Avropa Parlamentinin reallıqlara qarşı nə qədər kor olduğunu bir daha sübut edir. Vətən müharibəsi zamanı, müharibədən sonrakı dövrdə, eləcə də ötən ilin sentyabrında ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra ölkəmizə qarşı qətnamələr qəbul edildi.
“Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Erməni diasporu kifayət qədər pul xərcləyir. Ancaq bunların heç bir siyasi və hüquqi çəkisi yoxdur. Avropa Parlamentinin qərarları nəinki Avropa İttifaqının üzvü olmayan Azərbaycan üçün, hətta Avropa İttifaqı ölkələri üçün xüsusi əhəmiyyət kəsb etmir.
Avropa Parlamentinin sonuncu qətnaməsinin leytmotivi, guya insan haqları idi. Lakin bu gün heç kimə sirr deyil ki, insan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib və Avropa Parlamenti ondan erməni hərbi cinayətkarları və separatçıları azad etmək üçün istifadə etməyə çalışır. Onların mühitində insan hüquqları anlayışı da demokratiya anlayışı kimi artıq dəyərini itirib. Azərbaycan guya “erməni irsi”ni məhv etməmək barədə çağırışlara əhəmiyyət vermir. Mövcud olmayan bir şeyi necə məhv etmək olar? Bundan əlavə, “erməni irsi”nə qayğı göstərmək istəyənlər, ilk növbədə, Azərbaycan irsinə ciddi və hərtərəfli qayğı göstərməli, qeyd etməli, sənədləşdirməli, Ermənistana qarşı ittihamlar səsləndirməlidirlər. Otuz il ərzində heç bir Avropa strukturu Ermənistanı mədəni irsə qarşı vandalizm aktları törətməkdə ittiham etməyib, halbuki bununla bağlı kifayət qədər faktlar və sübutlar var. Avropa Parlamentinin Azərbaycan tərəfinin Ermənistanın ərazi bütövlüyünə hörmətlə bağlı çağırışları isə böhtandan başqa bir şey deyil. Azərbaycan haranı işğal edib? Əlbəttə ki, onların heç bir cavabı yoxdur. “Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən istənilən fiziki və hüquqi şəxslərə qarşı sanksiya tətbiq etməyə” hazır olmaq tələbləri daha gülməlidir. Yenə də aydınlaşdırmaq lazım idi ki, Ermənistan harada “dəhşətli təhlükə ilə üz-üzədir”, “hansı təhdidlə üz-üzədir”. Bakıya və Azərbaycan qazına qarşı sanksiyaların tətbiqi ilk dəfə deyil ki, təklif edilir və onlar heç vaxt heç yerdə ciddi müzakirə olunmayıb. İlk dəfə deyil ki, Avropa Parlamenti Avropa İttifaqını Azərbaycana hərbi və ya təhlükəsizlik imkanlarının gücləndirilməsinə kömək edə biləcək bütün texniki və maliyyə dəstəyini dayandırmağa çağırır. Erməni milyarderlərinin cibinə baxan Avropa parlamentariləri düşünürlərsə ki, bu cür tədbirlər Azərbaycanın hərbi potensialına və təhlükəsizliyinə hansısa şəkildə təsir göstərə bilər, onlar səhv edirlər. Azərbaycanın bu cür əməkdaşlıq üçün həm mövcud, həm də potensial tərəfdaşları kifayət qədərdir. Bizim aramızda olan fərq budur: onlar Ermənistanla sifarişlə və təzyiq altında, Azərbaycanla isə öz maraqları əsasında əməkdaşlıq edirlər”, - deyə H.Hüseynova vurğulayıb.
Milli Məclisin komitə sədri diqqətə çatdırıb ki, bu gün Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox acınacaqlıdır: “Hər gün Avropa İttifaqı ölkələrinin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin olduğu hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Yaxşı olardı ki, Avropa Parlamenti öz daxilində baş verən hadisələri, prosesləri izləsin, qiymət versin!”
Avropa Parlamentinin qəbul etdiyi qətnamənin yalnız müəyyən anti-Azərbaycan qüvvələrinin təzyiq vasitəsi olduğunu bildirən H.Hüseynova diqqətə çatdırıb ki, bu sənəd beynəlxalq hüququn prinsiplərini əks etdirmir. Hətta Ermənistanın silahlandırılmasına dəstək ifadə olunması, bölgədə revanşist meyillərin dəstəklənməsi, yenidən münaqişəni alovlandırmağa təşviq etməsi kimi təhlükəli təkliflər var. Sülh və sabitliyə çağırmalı olan bir qurumun belə mövqe sərgiləməsi dərin təəssüf doğurur.
“Azərbaycan xalqı olaraq biz ərazi bütövlüyümüzü və suverenliyimizi qorumağa qadirik və bu yolda hər hansı bir təzyiq, ultimatum qəbuledilməzdir. Müstəqil və müasir bir dövlət olaraq Azərbaycan öz haqq yolundan heç bir halda geri çəkilməyəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə biz milli maraqlarımızı qoruyaraq beynəlxalq arenada daha güclü və sayılan tərəfdaş olmağa davam edəcəyik. Belə sənədlər Avropa Parlamentinin öz dəyərlərinə sadiq olmadığını və beynəlxalq hüquq normalarını yalnız maraqlarına uyğun şəkildə şərh etdiyini göstərir. Azərbaycan xalqı olaraq biz bilirik ki, milli mənafeyizimi qorumaq yolunda bütün çətinlikləri dəf edəcək gücə sahibik. Bizi heç bir qərəzli sənəd, heç bir qərəzli qurum öz haqq yolumuzdan geri döndərə bilməz”, - deyə deputat fikrini yekunlaşdırıb.