Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarlarından olan Azərbaycan xarici siyasətində balanslı əlaqələr kursuna üstünlük verir. Ölkəmiz bütün tərəflərlə siyasi və iqtisadi dialoqa açıqdır. Xarici ölkələrlə, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq beynəlxalq münasibətlər sistemində Bakıya etibarlı tərəfdaş imici qazandırıb. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Bu mənada Azərbaycanın BRICS-lə əməkdaşlığı milli və iqtisadi maraqlarımızdan doğur. Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı olduqca önəmli idi. Prezident İlham Əliyevin dünyada artan nüfuzu onun Kazana səfəri zamanı da açıq şəkildə özünü göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.
O qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Fərmanı ilə iki respublika arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Tatarıstanın ali dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif olunması ölkəmizin başçısına olan müsbət münasibətin göstəricisidir. Dövlətimizin başçısının Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı mühüm əhəmiyyət kəsb edən hadisə idi. Prezidentimizin bu mötəbər tribunada verdiyi mesajlar çox məzmunlu və önəmli oldu.
“İqtisadi təşkilat olan BRICS 2006-cı ildə yaradılıb və 9 üzvü var. Təşkilatın builki sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. Bu da birliyin vahid geosiyasi bloka çevrildiyini göstərir. Dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzi olan BRICS ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Ən önəmlisi odur ki, iqtisadi blok beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiqdir. Bu da Azərbaycanın strateji maraqlarına cavab verir. Prezident İlham Əliyev sammitdə çıxışında qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Dövlətimizin başçısı çıxışında iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektoru ilə bağlı investisiyaların artırılması, “yaşıl enerji” təşəbbüsləri və texnoloji innovasiyaların inkişaf etdirilməsi məsələlərini vurğuladı. Azərbaycan Prezidenti, BRICS+ çərçivəsində iqtisadi və siyasi məsələlərin müzakirə olunmasının, həmçinin iştirakçı ölkələr arasında dostluq və işbirliyinin güclənməsinin vacib olduğunu bildirdi.
Prezident İlham Əliyev BRICS sammitində, həmçinin qlobal təhlükəsizlik və enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxundu. O, bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi”, - deyə Tahir Mirkişili bildirib.
Prezident İlham Əliyevin Kazanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün də ciddi əhəmiyyət kəsb etdiyini deyən deputat vurğulayıb: “Dünyanın aparıcı media orqanları Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşü barədə xüsusi reportaj verdilər. Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması təlimatı bölgədə barışın əldə olunacağına nikbinlik yaratdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan milli maraqlarını qorumaq, geosiyasi rolunu artırmaq, özünü ən əlverişli təhlükəsizlik şəraiti ilə təmin etmək üçün bütün beynəlxalq platformaların imkanlarından faydalanır. Doğrudur ki, Qərbdə bəzi dairələr BRICS-in digər beynəlxalq iqtisadi bloklara qarşı yaradıldığını və fəaliyyət göstərdiyini vurğulayırlar. Halbuki, qurumun rəhbərliyi dəfələrlə bəyan edib ki, onların fəaliyyəti heç bir bloka qarşı yönəlməyib. Düşünürəm ki, BRICS+ ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, ticarət mübadilələrinin genişlənməsi günün tələbidir. Bu qlobal ticarət birliyində bu və ya digər formada təmsil olunmaq inkişaf etməkdə olan ölkələrin iqtisadi müstəqilliyini artırar. BRICS+ çərçivəsində maliyyə institutlarının yaradılması inkişaf etməkdə olan ölkələr üçün maliyyə resurslarına daha asan çıxış imkanı təmin edə bilər. Azərbaycanın BRICS-in fəaliyyətinə cəlb olunması ölkəmizə, ilk növbədə, dünya siyasətində qlobal tendensiyalardan kənarda qalmamağa imkan verir. Mühüm coğrafi mövqedə yerləşən ölkəmiz balanslaşdırılmış siyasət yürütməli, beynəlxalq nizamın müxtəlif sistemlərindən yararlanmalıdır. Bu siyasi kurs Cənubi Qafqazda daha ədalətli və uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək”.