Əmir Əli Sərdari: Bütün arxiv materialları İrəvanın Azərbaycanın tərkib hissəsi olduğunu göstərir

“Bu il yenidən Rotterdamda Qərbi Azərbaycan, İrəvan tarixini Avropa ictimaiyyətinə çatdırmaq üçün toplaşmışıq. İrəvan tarixi ilə bağlı mövzu çox vacibdir. Belə konfranslar müntəzəm təşkil edilməlidir. Konfranslar vasitəsilə Qərbi Azərbaycanda əsrlər boyu yaradılmış tarixi və mədəni irsimizin dağıdılması ilə bağlı Avropa ictimaiyyətini məlumatlandırırıq”.

Bu fikirləri Prezident İlham Əliyevin irəli sürdüyü “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində Rotterdamda keçirilmiş “Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın sülh və təhlükəsizlik şəraitində öz yurdlarına qayıtması hüququnun, eləcə də Zəngəzur dəhlizinin açılmasının regiona sosial-iqtisadi təsirlərinin beynəlxalq arenada təbliği” adlı konfransda İrəvan xanının nəvəsi Əmir Əli Sərdari İrəvani AZƏRTAC-a müsahibəsində deyib.

Sərdarı bildirib ki, İrəvan tarixi ilə bağlı arxiv materiallarına istinadla yazdığı kitabı var. Bu gün beynəlxalq ictimaiyyətə yalnız ermənilərin təhrif etdikləri materiallar təqdim olunur. Onun kitabının erməni lobbisinin çox olduğu ölkələrin dillərinə tərcümə edilib yayılması avropalılara əsl İrəvan tarixini bilməyə yardımçı olar. Bütün arxiv materialları İrəvanın Azərbaycanın tərkib hissəsi olduğunu göstərir. Ermənistan adlanan dövlətin demoqrafik tərkibi tarixən işğalçı və ədalətsiz siyasət nəticəsində formalaşıb. Tarixi sənədlərdə ərazinin yerli hökmdarlarının Azərbaycanəsilli olduğu göstərilir. XIX əsrin rəsmi rus statistikasına görə, bölgənin yerli əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

“XIX əsrdən başlayaraq Osmanlı və Qacar dövlətlərinə qarşı bufer zona yaratmaq məqsədilə Yaxın Şərqin qonşu ərazilərindən erməniləri bu əraziyə yerləşdirmək siyasəti həyata keçirilirdi. Bu siyasət XX əsrə qədər davam etdi, Birinci Dünya müharibəsi zamanı və ondan sonra zirvəyə çatdı. 1980-1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra bu siyasət yenidən təkrarlandı. Bu dövrlərdə Ermənistandan çox sayda azərbaycanlı qovulub, indi orada bir azərbaycanlı da qalmayıb. Azərbaycan mədəni irsinin çox hissəsi dağıdılıb. 1765-ci ildə əcdadım, İrəvan xanı Hüseynəli tərəfindən tikilmiş İrəvan Göy Məscidi günümüzə qədər gəlib çatan yeganə abidədir. Sovet dövründə məscidin muzeyə çevrilməsi onu dağıdılmaqdan xilas etdi”, - deyə Sərdari qeyd edib.

O vurğulayıb ki, çətinliklərə baxmayaraq, Qərbi azərbaycanlılar öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlayıblar.