Qərbi Azərbaycandan olan baş məşqçi: İnanıram ki, tarixi torpaqlarımıza qayıtmaq arzumuz da reallaşacaq

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bu adın böyük tarixi var”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şamaxı” komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Əslən Zəngibasar rayonunun Zəhmət kəndindən olan mütəxəssis nə vaxtsa doğma yurdunu görmək arzusunda olduğunu bildirib: “Mənin atam və anam həmin bölgədə dünyaya gəliblər. Uşaq vaxtı valideynlərim, yaxın qohumlarım həmin dövr barədə bizə informasiyalar verirdilər. İndi də məclislərdə bir araya gələndə yeni xatirələrlə tanış oluram. Çox çətin illər idi. İnsanlar doğma yurdlarından didərgin salındılar. Yaşlılar, qadınlar və uşaqlar həyatlarını itirdilər. Bəziləri isə itkin düşdülər. Müharibə vaxtı olduğu üçün sığınacaq tapmaq çətin idi. Hətta yaşı çox olan şəxslər buna dözməyərək dünyadan köçdülər. Xalq olaraq böyük zərbə aldıq. Həqiqətən də azərbaycanlılar dözümlü və möhkəmdirlər. Həyatda müxtəlif çətinliklərlə rastlaşmaq olur. Əsas odur ki, bu problemləri aşa biləsən”.

O, dövlətimizin uğurlu siyasəti sayəsində 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb: “Bu gün güclü ölkəmiz və ordumuz var. Bəlkə də bir neçə il öncə heç kəs Şuşanın, Xankəndinin, eləcə də digər ərazilərin qayıdacağına inanmırdı. Dövlətin uğurlu siyasəti, şəhid və qazilərimizin canı, qanı bahasına həmin torpaqlar düşməndən azad olundu. Əvvəllər torpaqlarımızın niyə işğal olduğu barədə suallar verərkən çətinlik yaşayırdıq. Digər sahələrdə olduğu kimi, hərbdə də öz sözümüzü deməyi bacardıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxt ərzində azad olunan ərazilərdə tikinti işləri başlanıldı, hava limanları inşa olundu. Artıq o torpaqlara həyat qayıdır. Bunları unutmaq olmaz. Düşünürəm ki, bu şanlı tarixi gələcək nəslə ötürmək üçün filmlər lentə alınmalı, salnamələr yazılmalıdır. Məşqçilik fəaliyyətimi gələcəkdə doğma torpaqlarımızda davam etdirmək istəyərəm”.

Qeyd edək ki, Ayxan Abbasov “Şamaxı”dan əvvəl “Zirə”, “Sumqayıt” və “Turan Tovuz” komandalarında baş məşqçi vəzifəsində çalışıb.