Ekspert: Bu gün Türkiyənin şərq vilayətlərində qazılan hər bir quyuda ermənilər tərəfindən öldürülən türklərin qalıqlarına rast gəlinir

Erməni quldur dəstələri üç il Şərqi Anadoluda qırğınlar törədiblər. Onlar türklərə və müsəlmanlara qarşı xüsusi nifrətlə fərqlənirdi, bu da Osmanlı dövlətinin yüzminlərlə günahsız sakininin ölümünə səbəb oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri türkiyəli ekspert Yücel Atila Şehirli Türk xalqının milli azadlıq mübarizəsi dövrünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ermənilər 1915-1918-ci illərdə törətdikləri qanlı cinayətlərdən danışmamağa üstünlük verirlər. “Bu gün Türkiyənin şərq vilayətlərində, demək olar ki, qazılan hər bir quyuda ermənilər tərəfindən öldürülən türklərin qalıqlarına rast gəlinir”, - deyən ekspert vurğulayıb.

O, Türkiyə hakimiyyətinin arxivləri birgə araşdırmağa hazır olduqları barədə bəyanatlarını xatırladıb. “Ermənilərə qarşı soyqırımı törədildiyini iddia edən hər kəs kamera ilə Türkiyəyə gəlib ermənilərin kütləvi şəkildə basdırıldığı iddia edilən yeri canlı göstərə bilər. Biz şəxsən sizi iş avadanlığı ilə təmin edəcəyik. Fakt budur ki, heç kim gəlmir. Çünki onların göstərəcək heç nələri yoxdur”, - deyə Şehirli əlavə edib.

Ekspert Osmanlı dövlətinin hakimiyyət orqanlarının erməni əhalisini ölkənin başqa ərazilərinə köçürmək qərarına da toxunaraq, bəzi ermənilərin müxtəlif səbəblərdən yolda həlak olduğunu vurğulayıb. “Eyni səbəblərdən o dövrdə Osmanlı ordusunun əsgərləri və sadə türklər həlak olublar. Həmin dövrdə bir cəbhədən digər cəbhəyə keçirilən hərbi qulluqçuların təxminən 30 faizi yolda həlak olub”, - deyə o bildirib.

“Osmanlı dövlətinin erməniləri “Mercedes”lərdə köçürmək imkanı yox idi. Anadolunun bu hissəsində dəmir yolu xidməti də yox idi. Əgər ermənilər öz dövlətlərinə xəyanət edərək Osmanlı ordusunun arxa cəbhəsində fəaliyyətə başlamasaydılar, bütün bunlar baş verməzdi”, - deyə ekspert qeyd edib.