Səfir: COP29 sülh prosesinin nəticəsidir

Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti ilə davamlı inkişaf məqsədləri arasında əlaqə, yaşıl enerji dəhlizləri, yaşıl enerjinin saxlanması, iqlimin davamlılığı üçün harmoniya, təmiz hidrogen, üzvi tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyətlər və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürüb.

Bundan əlavə, təşəbbüslərdən birinə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması daxildir.

Azərbaycan Respublikası Prezidentinin də vurğuladığı kimi, COP29 sülh prosesinin nəticəsidir və bu baxımdan, ölkəmizin COP29-da sədrliyinin təşəbbüslərindən biri də “COP Barışıq Çağırışı” olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev “Tochka.by” saytına müsahibəsində deyib.

O vurğulayıb ki, COP29-a sədrlik dövründə iqlim dəyişikliyinin mənfi nəticələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin problemlərinə də diqqət yetiriləcək, onların səsinin eşidilməsi istiqamətində səylər göstəriləcək və COP29-da iştirak etmələri üçün maliyyə dəstəyi veriləcək. Yəni, bu cür təşəbbüslər sülhün və harmoniyanın qorunmasında hamımıza kömək edəcək.

Səfir deyib: “Belarus Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti COP29 çərçivəsində dünya liderlərinin sammitində iştirak edəcək. Biz bütün beynəlxalq platformalarda həmişə bir-birimizi dəstəkləyirik və əminik ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”.

Diplomat əlavə edib: “Azərbaycan haqqında danışarkən mütləq qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində çox böyük işlər görülüb, ölkənin hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün sağlam zəmin yaradılıb. Bu kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət sayəsində iqtisadi müstəqilliyi təmin edib, dövlətimiz daha da güclənib”.

M.Əliyevin sözlərinə görə, Azərbaycan heç kimdən, heç bir ölkədən, beynəlxalq maliyyə strukturundan asılı olmayan müasir dövlətə çevrilib. Ümumiyyətlə, Azərbaycan və Belarus bütün istiqamətlər üzrə inkişaf istiqamətində çox böyük addımlar atıblar.

Səfir diqqətə çatdırıb ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2023-cü ildə dünyada 183 regional münaqişə qeydə alınıb. Bu, son 30 ildə ən yüksək göstəricidir. Bütün bu problemlərə baxmayaraq, liderlərimiz hər iki ölkənin vətəndaşları üçün sakit, sabit və proqnozlaşdırıla bilən həyat yaratmağa nail olublar.

Azərbaycanın səfiri müsahibəsində iki ölkə arasında əməkdaşlıq, müharibə və ərazilərin bərpası, eləcə də milli mətbəxdən danışıb.