Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

Böyüklərin xətasını düzəltmək də çətin olur. Noyabrın 27-də Polşa prezidenti Andjey Duda Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən Avropa İttifaqı (Aİ) missiyasının müşahidə məntəqəsində olub. Orada ölkəsinin təmsilçiləri ilə görüşüb.

Yeri gəlmişkən, bu missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb. Onun başçısı Markus Ritter (Almaniya), müavini isə polşalı Marek Kuberskdir.

Bu missiyasının fəaliyyətinə Azərbaycan tərəfi birmənalı razılıq verməsə də, missiya Ermənistan-Azərbaycan şərti sərhədinin yaxınlığında yerləşdirilib. Onun himayəçisi isə Fransadır.

Bu missiyanın fəaliyyəti müddətində şərti sərhəd dəfələrlə pozulub. 2023-cü ilin may ayında ərazidə silahlı toqquşma baş verib. Həmin il mayın 10-da şərti sərhəddə Ermənistan tərəfindən başladılan və Azərbaycanın Kəlbəcər rayonu istiqamətində yaşanan silahlı toqquşma beş gün davam edib. Qarşıdurma nəticəsində hər iki tərəfdən ölən və yaralananlar olub.

Onda Ermənistan tərəfi və missiya məsələyə dair obyektiv açıqlama yaya bilmədi.

Sonrakı dövrdə isə qarşı tərəfin şərti sərhədyanı ərazisi Azərbaycan torpaqlarının binoklla müşahidə olunması üçün yerə çevrilib.