Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı beynəlxalq konfrans keçirilir.
Trend xəbər verir ki, konfransda bir sıra məsələlər müzakirəyə çıxarılır.
Belə ki, 2020 və 2023-cü illərdə Azərbaycanın Ermənistan işğalı altında olan torpaqlarının işğaldan azad edilməsi və bütün ərazilərimizdə suverenliyimizin tam bərpası iki ölkə arasında sülh üçün imkanlar yaratdı. Lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi ilə bağlı Ermənistanın mövqeyi qeyri- müəyyən olaraq qalır.
Ermənistanın Respublikasının ali qanunu olan Konstitusiyada, o cümlədən, digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir.
Ermənistanın 23 avqust 1990-cı il tarixində qəbul etdiyi Müstəqillik Haqqında Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu iddia daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapıb və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı saxlanılıb.
Bu məsələlər bugünkü konfransın əsas mövzuları olacaq.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Ermənistan hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib.
"30 il idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan Ermənistana sülh təklifini etdi.
Heç bir zaman görə bilməzsiniz ki, müharibədə qələbə qazanan tərəf sülhü təklif etsin.
Amma Azərbaycan bu sahədə addımlar atdı. Biz sülh müqaviləsini hazırlamağa çalışmışıq. Lakin sülhə maneə olan iki detal var. Birincisi Ermənistanın Konstitusiyasıdır.
Ermənistan hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib. Biz hələ də bu danışıqları aparırıq. Və deyirik ki, siz bu məsələləri beynəlxalq arenaya çıxarmamalısınız”, - deyə o bildirib.
Xəbər yenilənəcək