Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fərziyyə deyil - Cavid Qədirli

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fərziyyə və ya xəyali bir şey deyil.

Trend xəbər verir ki, bu barədə ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini Cavid Qədirli "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı beynəlxalq konfrans çərçivəsində keçirilən "Ermənistan Konstitusiyası və qanunlarında sülh müqaviləsinə maneələr” mövzusundakı birinci paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, hər iki respublika müstəqillik əldə etdiyi gündən Ermənistan Qarabağın öz ərazisi olduğunu iddia edib və təxminən otuz il ərzində onu hərbi yolla işğal edib.

“Ermənistan Konstitusiya Məhkəməsinin “Delimitasiya Qərarı” Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasına konstitusiya maneələrini aradan qaldırmır. Məhkəmənin qərarında delimitasiya komissiyasının yaradılması ilə bağlı razılaşmanın Ermənistan Konstitusiyasının müddəalarına uyğun olub-olmaması məsələsinə diqqət yetirilib.

Məhkəmə Preambula və Müstəqillik Bəyannaməsindəki ərazi iddialarının dəyişdirilməz müddəa olduğunu vurğuladı. Bu müddəalar, Məhkəmənin vurğuladığı kimi, təsisçi hakimiyyətin - erməni xalqının qəbul etdiyi ali konstitusiya dəyərlərini təmsil edir”,- deyə o vurğulayıb.

C.Qədirli əlavə edib ki, məhkəmənin qərarı delimitasiya komissiyasının fəaliyyətini asanlaşdırsa da, bu iddiaların əsas konstitusiya məqsədləri kimi qalmasını inkar etmir.

“Delimitasiya Qərarı” Ermənistanın ərazi iddiaları ilə bağlı daha geniş məsələyə toxunmaqdan yayınan dar konstitusiya qərarını əks etdirir”,- deyə o bildirib.