Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin rəhbərlik etdiyi Azərbaycan hakimlərindən ibarət nümayəndə heyəti Qazaxıstan Ali Məhkəməsində olub.
AZƏRTAC Qazaxıstan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan hakimlərinin Astanaya bu işgüzar səfəri son üç ildə üçüncüdür. Səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstan məhkəmələrində aparılan islahatları ətraflı öyrənməyi planlaşdırır.
Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev Azərbaycan nümayəndə heyətini salamlayaraq ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsinə və pozulmuş hüquqların müdafiəsinə yönəlmiş əsas məhkəmə islahatları təşəbbüslərindən danışıb.
Bundan əlavə, məhkəmələrin maliyyələşdirilməsinin yeni modelinin tətbiqi yolu ilə hakimlərin müstəqilliyinin gücləndirilməsi, onların peşəkarlığının qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və məhkəmə icraatının rəqəmsallaşdırılması məsələləri qeyd edilib.
Qazaxıstan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasının sədri Nurserik Şaripov və Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimi Arıstanbek Stıbayev aparılan islahatlar barədə daha ətraflı bəhs ediblər.
Sonra nümayəndə heyəti respublika məhkəmələrinin fəaliyyətini təhlil edən və monitorinqini aparan Ali Məhkəmənin Situasiya Mərkəzinin imkanları ilə tanış olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan paytaxtının məhkəmələrinin, Arbitraj Mərkəzinin və Ali Məhkəmə Şurasının işi ilə də tanış olmağı planlaşdırır.