Deputat: Azərbaycanın azad edilmiş əraziləri dünyada minalarla ən çox çirklənmiş yerlərdən biri olaraq qalır

Bu gün Avropanın təhlükəsizliyi hərbi münaqişələrdən humanitar böhranlara qədər bir sıra çağırışlarla üz-üzədir. Azərbaycan sülhə, təhlükəsizliyə və regional sabitliyə tam sadiqdir. Biz inanırıq ki, davamlı sülh yalnız dialoq, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də beynəlxalq hüquqa riayət etməklə əldə oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib. O qeyd edib ki, bizim regionda təhlükəsizliyin ən kəskin problemlərindən biri Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin nəticələridir. Azərbaycan normallaşma üçün fəal işləsə də, həll olunmamış humanitar məsələlər uzunmüddətli sülh üçün ciddi risklər yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın azad edilmiş əraziləri dünyada ən çox minalanmış yerlərdən biri olaraq qalır. Bu isə postmünaqişə bərpasına və keçmiş köçkünlərin təhlükəsiz geri qayıdışına ciddi maneə törədir. Son otuz ildə minlərlə insan, o cümlədən uşaqlar minanın qurbanı olub. Hüquqi öhdəliklərinə baxmayaraq, Ermənistan dəqiq mina xəritələri təqdim etməyib və sübutlar göstərir ki, o, 2020-ci ildə üçtərəfli Bəyanatdan sonra da ərazilərimizə mina yerləşdirməyə davam edib. “Biz ATƏT-i və beynəlxalq ictimaiyyəti yeni faciələrin qarşısını almaq, bərpa prosesini sürətləndirmək üçün minatəmizləmə fəaliyyətinə dəstək verməyə çağırırıq”, - deyə deputat əlavə edib.

Bildirilib ki, digər vacib çağırış 1990-cı illərin əvvəllərindən etibarən təxminən 4 minə yaxın azərbaycanlının naməlum taleyidir. Azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlar insan haqlarının kobud şəkildə pozulduğunu sübut edir. Ailələrin həqiqəti bilmək hüququ var və Ermənistan öz humanitar öhdəliklərinə uyğun olaraq itkin düşən şəxslər haqqında tam məlumat təqdim etməlidir.

S. Fətəliyeva diqqətə çatdırıb ki, ATƏT PA bu məsələlərin həllində mühüm rol oynayır. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi həm minatəmizləmə, həm də müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsi istiqamətində sülhə və sabitliyə töhfə verəcəkdir. “Azərbaycan dialoqa sadiqdir, lakin ədalət olmadan sülh mümkün deyil. Bu təhlükəsizlik problemlərini və humanitar çağırışları birlikdə həll edərək, etimadı gücləndirə və hər kəs üçün daha təhlükəsiz bir gələcəyi təmin edə bilərik”, - deyə o əlavə edib.

Sessiyada erməni deputatların növbəti əsassız ittihamlarına cavab olaraq Azərbaycan təmsilçisi bildirib ki, Azərbaycanın suverenliyinin tam bərpasından sonra erməni əhalisinə öz evlərində qalmaq və Azərbaycan vətəndaşları kimi yaşamaq təklif olunub. Onların hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası təmin ediləcəkdi. Lakin erməni rəhbərliyinin çağırışı ilə onlar regionu tərk etmək yolunu seçdilər. Bu, onların özlərinin könüllü qərarı idi. Nəhayət reallığı qəbul etməyin vaxtıdır: “Yalnız Azərbaycanın Qarabağ regionu var!”.