Fevralın 26-da ABŞ-ın Nyu-York şəhərində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
AZƏRTAC-ın məlumatına görə, layihə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutub.
“Heç vaxt unutma”, “Xocalıya Ədalət” şüarlarının və soyqırımı qurbanları barədə məlumatın əks olunduğu led ekranlı avtomobil BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasının qarşısında dayanıb və ardınca şəhərin mərkəzi küçələrində hərəkət edib. Məlumatlandırma aksiyası gün boyu davam edib və avtomobil Nyu-Yorkun Manhetten rayonunun mərkəzi ərazilərini, o cümlədən “Times Square” meydanını dolaşıb.