İstintaq prosesi zamanı mənim müstəntiqim tərəfindən mənim bütün hüquqlarım təmin olunub ki, suallara tam şəkildə cavab verim. Həmçinin öz fikrimi bildirməyə və nöqteyi-nəzərimi də ortaya qoymağa şəraitim olub.
İstintaqın başlanğıcında mən bildirmişəm və həmin bəyanatı indi də vermək, təsdiqləmək istəyirəm ki, bu münaqişə, bu tarix cinayət və məhkəmə istintaqı predmeti deyil. Mən bu fikri bildirərkən də nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam”.
Daha sonra təqsirləndirilən şəxs Arayik Harutyunyana sərbəst ifadə verməsi təklif olunub. O, ifadəsinə hazırlaşmaq üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alıb.
Bundan sonra təqsirəndirilən şəxs Davit İşxanyan sərbəst ifadə verib. O, elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.
Sonra təqsirəndirilən şəxs Davit Babayan sərbəst ifadə verib. O da elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib.
“İttiham aktında qeyd olunan əməlləri törətmək iqtidarında olmamışam. Azərbaycan xalqına qarşı nifrət təbliğ etməmişəm. Öz xalqımı sevirəm, lakin milliyyətçi deyiləm”, - deyə D.Babayan bildirib.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.