Muşira Xəttab iqlimlə bağlı problemlərin həllində və sülh prosesində qadınların rolu haqda

Qadınlar, vətəndaş, ana və öz ölkəsinin nümayəndələri olaraq iqlimlə bağlı çağırışların öhdəsindən gəlinməsində mühüm rol oynayırlar.

Trend xəbər verir ki, bunu Misirin insan haqqları üzrə Milli Şurasının prezidenti, 2009-2011-ci illərdə ölkənin ailə və əhali məsələləri üzrə naziri olmuş Muşira Xəttab Bakı Qlobal Forumu çərçivəsində Bakıda keçirilən “Gender – təhlükəsizlik – iqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsində etdiyi çıxışda deyib.

“Sülh və insan haqqlarına, o cümlədən qadın haqqlarına hörmət olmasa, sülh ümumiyyətlə olmayacaq. Qlobal səviyyədə ədalət və insan haqqları sahəsində beynəlxalq qanunlara riayyət olunmasına nəzarət olmasa sülh də olmayacaq”,- deyə Muşira Xəttab bildirib.

 

O həmçinin bildirib ki, iqlim böhranı dünyanın yaxın keçmişdə üzləşdiyi “COVİD-19” böhranından elə də fərqlənmir.

“Biz qadınların bu böhrandan ciddi şəkildə ziyan çəkdiyini gördük, ancaq məhz qadınlar bu problemin həllinin əsas mühərrikinə çevrildilər və biz bunun öhdəsindən gəldik”, -deyə Muşira Xəttab bildirib.

Onun sözlərinə görə, iqlim böhranının öhdəsindən gəlməyə müvəffəq olmaq üçün qadınların qərar qəbulu proseslərində rəhbər vəzifələr tutması vacibdir.