Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında (MR) 18 Mart - Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə anım tədbiri təşkil olunub.
Naxçıvanın Şəhidlər xiyabanında keçirilən anım mərasimində Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Cabbar Musayev, Türkiyənin şəhərdəki Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən A.Kaya 110 il əvvəl Çanaqqalada böyük tarixi zəfərin yaşandığını xatırladıb:
“Çanaqqala döyüşü həm də Türkiyənin gələcək Qurtuluş Savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən, bütün çətinliklərə baxmayaraq türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən bu döyüş Atatürk kimi bir dahini yetişdirdi, onun liderliyinə əsas zəmin yaratdı.
Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə canlarını fəda edən insanların sayına və sosial mənşəyinə nəzər salanda, bu savaşın bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır”.
Daha sonra tədbir iştirakçıları Çanaqqala şəhidlərinin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi anılıb, Şəhidlər xiyabanının mərkəzində ucaldılan “Ana” heykəli qarşısına tər güllər düzülüb.