
Paytaxtımızda keçirilmiş tədbirlər təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizəyə töhfə verir
DTX-nin təşkilatçılığı ilə 2023-cü ilin may ayında 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin iştirak etdiyi "Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə" mövzusunda I Bakı Təhlükəsizlik Forumundan sonra 2024-cü il sentyabr ayında 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Forum tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.

İtkin düşmüş şəxslər mövzusu da daim diqqət mərkəzində saxlanılıb

Bakı şəhərində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə 2023-cü il sentyabrın 18-də “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması”, ötən il oktyabrın 2-də isə Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzularında beynəlxalq konfranslar keçirilib. Tədbirlərdə bu kimi beynəlxalq konfransların keçirilməsinin itkin düşmüş şəxslər probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyi vurğulanıb, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyi qeyd olunub, Prezident İlham Əliyevin itkin vətəndaşlarmızın taleyinin aydınlaşdırılmasını Dövlət Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğu və ölkə başçısının bu məsələni daim xüsusi nəzarətdə saxladığı bildirilib.

Bu il martın 10-da Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatı olub. Tədbirdə Dövlət Komissiyasının dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik Beynəlxalq Komissiya ilə əməkdaşlığının itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.

Milli maraqlarımıza yönələn təhdidlərin qarşısı qətiyyətlə alınır

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşları müasir çağırışlara uyğun şəkildə çalışaraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.

Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.


Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan təhlükəsizlik orqanlarımızın əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!







