Zurab Pataradze: "Gürcüstan Prezidentinin ilk səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir "

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir ".

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə verdiyi açıqlamasında söyləyib: "Prezident Mixail Kavelaşvilinin ilk xarici səfəri Azərbaycandan başlayır. Bildiyiniz kimi, Azərbaycanla Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş nazir, eləcə də əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq".

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında həyata keçirilən iqtisadi layihələr, xüsusilə bərpa olunan enerji məsələləri və bir sıra meqa layihələr barədə məsələlər də müzakirə olunacaq.