Bosniya və Herseqovinaya işgüzar səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və Mərkəzin katibliyinin üzvü Asim Şahsuvarlı ölkənin Rəyasət Heyətinin Sədri Denis Beçiroviç ilə görüşüblər.
Beynəlxalq Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı D.Beçiroviçə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, xüsusilə də martda keçirilmiş 12-ci Qlobal Bakı Forumunun nəticələri barədə ətraflı məlumat təqdim olunub.
Tərəflər, o cümlədən ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində Azərbaycanın qlobal iqlim məsələlərindəki lider rolu və bu tədbirin uğurlu təşkili barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın zamanda Sloveniyanın paytaxtı Lyublyanada “Qərbi Balkan Dostları” ilə keçirəcəyi yüksəksəviyyəli toplantının regional əməkdaşlığın möhkəmlənməsində oynayacağı mühüm rol vurğulanıb.
Sonda Denis Beçiroviç Mərkəzin 2026-cı ildə keçiriləcək 13-cü Qlobal Bakı Forumuna dəvət olunub.