Bakıda Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününün 3-cü il dönümünə həsr olunmuş “İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Trend xəbər verir ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunub.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.
Konfransın beynəlxalq tərəfdaşları G20 Dinlərarası forumu (IF20), ISESCO, İslam Əməkdaşlıq Təşkilatı, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan qardaşlığı ali komitəsi (HCF), Müsəlman Ağsaqallar Şurası, Almaniya müsəlmanlarının mərkəzi şurası, EULEMA – Avropa müsəlman liderləri şurası, və Beynəlxal Müsəlman Forumudur.
Beynəlxalq konfransın keçirilməsində məqsəd müsəlmanlara və müsəlman əhalisi olan ölkələrə qarşı həm beynəlxalq, həm də milli səviyyədə yönəlmiş narahatedici tendensiyaların müzakirəsi üçün akademik platforma yaratmaqdır.
Konfransda təxminən 40 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.
Tədbirdə “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü hər il 15 mart tarixində qeyd olunur. Bu günün təsis olunması ilə bağlı qərar ilk dəfə 2020-ci il noyabrın 27–28-də Niger Respublikasının Niamay şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilib. BMT-nin Baş Assambleyası isə 2022-ci ildə 15 mart tarixini rəsmi olaraq Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib.
Xəbər yenilənəcək