Damla Taşkın: Türkiyə - Azərbaycan münasibətləri dünyada örnək hesab olunur

Dünyada bir çox ticarət müharibələri yaşanır. Həqiqətən də çox qarışıq bir dönəmdəyik. Bu mənada Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması bizi məmnun edir. İki dövlət arasındakı münasibətlər dünyada diplomatik münasibətlərə örnək hesab olunur. İki ölkənin liderləri arada heç bir vasitəçi olmadan telefon vasitəsilə müxtəlif məsələləri müzakirə edə bilirlər. Bu da dünyada bənzəri olmayan bir diplomatiya modelidir.

AZƏRTAC xəbər verir ki, bunu Ankara Bilim Universitetinin müəllimi Damla Taşkın "Yeni geosiyasi reallıqların Türkiyə - Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" adlı dəyirmi masada “Türkiyə-Azərbaycan münasibətlərində liderlərarası diplomatiya: 2020-2025” mövzusunda təşkil edilən müzakirədə bildirib.

Damla Taşkın Qarabağ Zəfərindən sonra iki ölkə arasında lider diplomatiyasının daha da irəli getdiyini qeyd edib: "Qarabağ hamımızın yaralı yeri idi. Müharibə boyunca da iki lider diplomatiya sərgiləmiş oldular. Araşdırmalar zamanı dünyada bir-biri ilə daha çox görüşən iki liderin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu təsbit etdik. Dünya ictimaiyyətində Türk dünyasının birləşməsini istəməyən qüvvələr var. Bunlara qarşı bizim istifadə etdiyimiz yumşaq güc siyasəti daha effektivdir. Liderlər arasında diplomatiyanın sağlam olması bu münasibətlərin pozula bilməyəcəyini göstərir".