Bu gün, iyunun 2-də Bakı vaxtı ilə saat 14:00-da İstanbuldakı Dolmabahçe sarayında Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi il Rusiya-Ukrayna danışıqları başlayır. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, danışıqlarda Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edəcək.
Rusiya nümayəndə heyətinə RF Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, həmçinin Müdafiə Nazirliyinin nümayəndələri daxildirlər.
Ukrayna tərəfini müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin müavini Sergey Kislitsa, təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələri təmsil edirlər.
Bu görüşdən əvvəl – mayın 16-da iki münaqişə tərəfi arasında aparılan danışıqlar hərbi əsirlərin dəyişdirilməsi ilə nəticələnib. Hakan Fidan mətbuata müsahibəsində Rusiya-Ukrayna danışıqlarının ikinci raundunda müəyyən irəliləyişlər olacağına ümid etdiyini bildirib.