Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Trend xəbər verir ki, konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak edir.
Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil ediləcək.
Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib ki, müstəmləkəçilik sadəcə tarixi ədalətsizlik deyil, - o hələ də aktual çağırış olaraq qalmaqdadır.
“Müstəmləkəçiliyin tarixi ədalətsizlik olduğunu qəbul etmək vacib olsa da, biz onu yalnız keçmişdə qalmış bir fenomen kimi qiymətləndirməməliyik”, – deyə Abbasov vurğulayıb.
Onun sözlərinə görə, müstəmləkəçilik siyasəti bu gün də müxtəlif formalarda – istər siyasi təzyiq, iqtisadi məhdudiyyətlər, mədəni hegemonluq, istərsə də institusional bərabərsizlik şəklində özünü büruzə verir.
2023-cü ilin iyul ayında nazirlər səviyyəsində keçirilmiş görüş zamanı yaradılan BTQ müasir müstəmləkəçiliyin formalarına qarşı beynəlxalq səyləri dəstəkləməyi öz üzərinə götürüb – bu istiqamətdə tədqiqatlar, maarifləndirmə fəaliyyəti və inklüziv dialoq aparılır.
“Son iki ildə biz Qvadelupa, Mayotta, Karaka, Fransız Qvianası, Reyunion, Korsika, Martinika və bu günə qədər müstəmləkəçi idarəçilikdə qalan digər ərazilərə həsr olunmuş təxminən 30 beynəlxalq tədbir keçirmişik”, – deyə Abbasov qeyd edib.
O, bu kimi kolonial strukturların BMT Nizamnaməsi, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi və BMT Baş Assambleyasının çoxsaylı qətnamələri ilə ziddiyyət təşkil etdiyini bildirib. Abbasov birbaşa və gizli müstəmləkəçilik formalarına qarşı beynəlxalq hüquqi mexanizmlərdən istifadə etməyə, ictimaiyyətin məlumatlılığını artırmağa və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə çağırıb.
“Konfransın məqsədi – müstəmləkəçi ideologiyaların necə formalaşdığını, institusional xarakter aldığını və əsaslandırıldığını anlamaq, və ən əsası isə onların irsinin müasir dünya nizamına necə təsir etdiyini daha dərindən anlamaqdır”, – deyə Abbasov bildirib.
Xəbər yenilənəcək