Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı olub

Sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı olub. Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, ziyalılar, media nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edərək, Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük qürur hissi yaşatdığını deyib: “44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu. 44 gün xalqımız bir ürək, bir yumruq oldu. Minlərlə igidimiz öz canını sipər edərək, torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix, ordumuzun gücü, xalqımızın birliyi ilə qazanıldı. Bu gün ayaq basdığımız torpaqlarımız, Vətənimiz azaddır. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz toxunulmazdır. Yaşasın Zəfərimiz, yaşasın Azərbaycan!”

A.Telmanqızı bildirib ki, bu filmlə tariximizi, qürurumuzu, zəfərimizi yad edəcəyik. Tariximizin ən şərəfli səhifələrini bir daha xatırlayacağıq: “Qoy bu təqdimat mərasimi şəhidlərimizin ruhuna bir dua, qazilərimizə bir təşəkkür, gənclərimizə isə bir yol xəritəsi olsun”.

Sonra film nümayiş olunub.

Şəhid atası, Xankəndi sakini Kamran Nəsirov oğlu Xəqaninin keçdiyi döyüş yolundan, oğlunun da canı bahasına azad etdiyi torpaqda qürurla yaşamasından danışıb.

Xüsusi təyinatlı Aslan Şərifov isə bu gün ilk dəfə azad etdiyi Xankəndiyə ayaq basmasıdan söz açıb, o günlərlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə, həmçinin Xankəndi, Ağdərə və Xocalıdakı açılışları, keçmiş məcburi köçkünlərin köçünü əks etdirən videoçarx da nümayiş olunub.