Latif Akça: Şimali Kipr TDT-yə ticari və logistik imkanlar təqdim etməyə hazırdır

Təkbaşına güclü olmaq mühüm əhəmiyyət daşıyır, lakin birgə güc göstərmək dünyada qalıcı iz buraxmaq baxımından daha qiymətlidir.

Şimali Kipr Türk Respublikası təşkilata ticari və logistik imkanlar təqdim etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Prezidentinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının kommunikasiya koordinatoru Latif Akça Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfransın “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri” adlı panel müzakirədə söyləyib.

L.Akça diqqətə çatdırıb ki, Şimali Kipr strateji mövqeyi ilə Türk dünyasının Aralıq dənizinə açılan təbii qapısıdır. Ada Avropa, Yaxın Şərq və Afrika qitələrinin kəsişməsində yerləşməklə yanaşı, tarixi İpək Yolunun da mühüm keçid nöqtələrindən biridir.

O, həmçinin bildirilib ki, Şimali Kiprin sərbəst limanları və azad ticarət zonaları türk dövlətlərinin birgə istehsal və ixracat layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Gazimağusa azad zonasında yaradılacaq birgə istehsal və ixrac mərkəzləri təşkilat daxilində iqtisadi inteqrasiyanı gücləndirəcək.

Koordinatorun fikrincə, Şimali Kipr Türk Dövlətləri Təşkilatının iqtisadi, ticari və enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşı ola bilər.