Belə raketlər dəqiq hərbi hədəflərə deyil, yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı tətbiq edildikdə ağır fəsadlarla, yəni kütləvi insan tələfatı və böyük dağıntılarla nəticələnir.
Bundan sonra təqsirləndirilən David Manukyan məhkəməyə müraciət edərək nümayiş olunan raket qurğularının və onların tətbiqinə dair “əmr” verməyin qondarma rejimin “rəhbərliyinin və ordusunun” səlahiyyətində olmadığını bildirib.
Hakim Zeynal Ağayev isə bildirib ki, hazırkı mərhələdə sənədlərin elan olunması prosesi gedir. Sənədlərin elanı başa çatdıqdan sonra münasibət bildirmək üçün müdafiə tərəfinə şərait yaradacaq.
Sonra təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəmə iclasında tədqiq edilən sənədlərin surətlərinin təqdim olunmasını xahiş edib.
İclasa sədrlik edən Zeynal Ağayev sənədlərin surətlərinin təqdim olunacağını bildirib.
Sonra 44 günlük Vətən müharibəsi zamanı Göygöl, Tovuz, Daşkəsən, Samux, Siyəzən, Kürdəmir, Qəbələ rayonlarının, həmçinin Mingəçevir şəhərinin və Göygöl Milli Parkının ərazisinin raket atəşinə tutulması faktları ilə bağlı sənədlər elan olunub.
Daha sonra təqsirləndirilən Levon Mnatsakanyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial görüş üçün vəsatətlə çıxış edib.
Hakim Zeynal Ağayev vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.
Elan olunan sənədlərdən biri 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə raket hücumları ilə bağlı olub.
Tədqiq edilən sənədlərdə göstərilib ki, Vətən müharibəsi dövründə ayrı-ayrı vaxtlarda Bərdəyə raket hücumları nəticəsində aralarında uşaq, qadın və yaşlılar da olmaqla 29 nəfər qəsdən öldürülüb, 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.
Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.