Azərbaycan beynəlxalq tədbirlərdə yüksək təşkilatçılıq nümayiş etdirir və Moldova üçün böyük əhəmiyyətə malik olan dövlətin öz səyləri ilə ərazi bütövlüyünü uğurla bərpa etməsi nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defense Challenge 2025” tədbirində jurnalistlərə müsahibəsində deyib.
Səfir ölkəmizin rəqəmsallaşma və kibertəhlükəsizliyin inkişafı sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Diplomat forumun təşkilatçılarına təşəkkürünü bildirib və vurğulayıb ki, texnologiyanın sürətli inkişafı fonunda kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi məsələləri getdikcə aktuallaşır.
O qeyd edib: “Bu tədbirin Bakının ən nüfuzlu məkanlarından birində - Konqres Mərkəzində keçirilməsi yüksək təşkilatçılıq səviyyəsini bir daha təsdiqləyir. Mən həm də Azərbaycanı postsovet məkanında öz ərazi bütövlüyünü təkbaşına bərpa edən ilk ölkə olması münasibətilə təbrik etmək istəyirəm. Bu, şübhəsiz ki, möhtərəm Prezident İlham Əliyevin əməyidir”, - deyə səfir qeyd edib.
Qarabağda aparılan bərpa işlərindən danışan diplomat vurğulayıb: “Biz işğaldan azad edilmiş şəhərlərdə həyatın canlandığını və insanların geri qayıtdığını görürük. Bu təcrübə həm də ərazi məsələlərinin həllinə çalışan Moldova üçün çox vacibdir”.
Səfir Azərbaycan-Moldova əməkdaşlığının perspektivlərinə xüsusi diqqət yetirib: “Biz enerji ilə yanaşı, ticarətin, iqtisadiyyatın, kiçik və orta biznesin inkişafında böyük potensial görürük. Ümid edirik ki, gələn il Moldovada iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək”.
Aleksandr Esaulenko “Critical Infrastructure Defense Challenge 2025” çərçivəsində beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulayıb: “Kibercasusluq heç bir sərhəd və ya millət tanımır, ona görə də bu sahədə beynəlxalq əməkdaşlıq çox vacibdir. Əminəm ki, Moldovanı təmsil edən komanda bu yarışmalarda yaxşı çıxış edəcək”.