Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə yalnız ölkənin ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də Cənubi Qafqazda yeni reallıqların formalaşması üçün mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert İvan Us bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, heç bir xalq öz torpaqlarının işğalı ilə barışa və ya bu vəziyyəti qəbul edə bilməz.
“Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Qələbə göstərdi ki, səbir və siyasi iradə ilə düzgün anı gözləyərək, illərlə pozulmuş ədaləti bərpa etmək mümkündür. Bu Qələbə regionda tamamilə yeni mərhələnin əsasını qoydu. Artıq Cənubi Qafqazda həyatın normallaşması, iqtisadi inteqrasiyanın güclənməsi və qarşılıqlı etimad mühitinin bərqərar olması üçün münbit şərait yaranıb”, – deyə İvan Us vurğulayıb.
Onun sözlərinə görə, Zəngəzur marşrutu və Orta Dəhliz layihələri regionun iqtisadi inkişafına ciddi töhfə verəcək. “Bu nəqliyyat-logistika marşrutları vasitəsilə Avropa ilə Çin arasında yeni ticarət və enerji təchizatı əlaqələri formalaşır. Bu, Cənubi Qafqazı Avrasiya qitəsində əsas iqtisadi körpüyə çevirəcək. Ukrayna da bu layihələrdə iştirakda maraqlıdır və gələcəkdə bu dəhlizlərdən istifadə edərək öz ixrac potensialını genişləndirməyi planlaşdırır,” – deyə ekspert əlavə edib.
İvan Us hesab edir ki, Azərbaycanın həyata keçirdiyi strateji layihələr təkcə regional deyil, həm də qlobal nəqliyyat sisteminin mühüm komponentinə çevriləcək və uzunmüddətli perspektivdə Avrasiyada sabitliyin, iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edəcək.