Bəhram Əşrəfxanov: Azərbaycan və Özbəkistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İki ölkə arasında olan dostluq təkcə siyasət və iqtisadi sahələrdə deyil, həm də gənclərin qəlbində, düşüncəsində və məqsədlərində yaşayır. Çünki gənclər sabahın yaradıcı qüvvəsidir, həm yeni Özbəkistanın, həm də inkişaf edən Azərbaycanın gələcəyini formalaşdıracaq nəsildir.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 6-da Bakıda keçirilən Azərbaycan–Özbəkistan II Gənclər Forumunda Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov deyib.

Səfir qeyd edib ki, forumun gözəl və qonaqpərvər Bakı şəhərində təşkili xalqlar arasında sıx dostluq, diplomatik və iqtisadi əməkdaşlığın parlaq nümunəsidir.

Bəhram Aşurxanov Azərbaycan xalqını və Prezident İlham Əliyevi Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə təbrik edib: “Bu Qələbə yalnız Azərbaycanın qəhrəmanlığının və milli birliyinin simvolu deyil, eyni zamanda, bütün Türk dünyasının qürur mənbəyidir. Özbəkistan xalqı bu tarixi hadisəni böyük sevinc və qardaşlıq hissi ilə paylaşır”.

Diplomat vurğulayıb ki, Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirən səfir gənclərin bu münasibətlərin gələcəyində mühüm rol oynadığını qeyd edib: “Gənclər bizim ortaq gələcəyimizi birləşdirən körpüdür. Bu forum yeni ideyaların, startapların və mədəni layihələrin yaranması üçün səmərəli platforma olacaq”.